Nazir müavini: Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycanın iqtisadi inkişafının mühüm göstəricilərindən biri ölkədə formalaşan bilik və bacarıqların beynəlxalq bazarlara çıxarılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında deyib.
Elnur Soltanov bildirib ki, Azərbaycanın enerji sektoru son onilliklərdə böyük inkişaf yolu keçib. Əgər əvvəllər enerji layihələrinin həyata keçirilməsində xarici maliyyə və texnologiyalara daha çox ehtiyac duyulurdusa, bu gün Azərbaycan şirkətləri beynəlxalq səviyyədə rəqabət aparmaq imkanına malikdir.
Nazir müavini qeyd edib ki, SOCAR artıq fəaliyyətini yalnız neft və qaz hasilatı ilə məhdudlaşdırmır. Şirkət Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Yunanıstan və digər ölkələrdə emal, logistika və enerji layihələrində iştirak edir.
“Bu gün SOCAR təkcə neft və qaz deyil, eyni zamanda, ölkədə formalaşmış peşəkar bilik və bacarıqları ixrac edir. Məncə, iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri də məhz insan kapitalı və toplanmış təcrübənin xarici bazarlarda dəyərə çevrilməsidir”, - deyə E.Soltanov vurğulayıb.
E.Soltanov əlavə edib ki, Azərbaycanın qarşıdakı dövrdə bilik iqtisadiyyatının inkişafı, rəqəmsal infrastrukturun gücləndirilməsi və insan kapitalına investisiyaların artırılması istiqamətində mühüm hədəfləri var.
Müxbir - Pərvanə Qafarova