"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
Bakı, 11 iyun, AZƏRTAC
ABŞ-nin paytaxtı Vaşinqton bu həftəsonu UFC tarixinin ən fərqli və diqqətçəkən tədbirlərindən birinə ev sahibliyi edəcək.
Bakı Şəhər Halqasından AZƏRTAC-a bildirilib ki, UFC Freedom 250 turniri ABŞ Prezidentinin rəsmi iqamətgahı olan Ağ Evin ərazisində təşkil olunacaq. İyunun 14-də (Bakı vaxtı ilə iyunun 15-də, saat 04:00-da) keçiriləcək yarış ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunub.
Turnir çərçivəsində yeddi döyüş baş tutacaq. Gecənin əsas qarşılaşmasında yüngül çəki dərəcəsinin çempionu İliya Topuriya müvəqqəti çempion Castin Qeyci ilə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə Aleks Pereyra ilə Siril Qan ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda mübarizə aparacaqlar.
Hazırda UFC rəhbərliyi təşkilat tarixinin ən əlamətdar layihələrindən birinə hazırlığın son mərhələsini həyata keçirir. Turnirin Ağ Evin ərazisində baş tutacaq ilk peşəkar idman tədbiri kimi tarixə düşəcəyi bildirilir.
Ağ Evdə keçiriləcək yarış UFC üçün tarixi əhəmiyyət daşıyır. Qarışıq döyüş növləri üzrə dünyanın aparıcı təşkilatlarından biri olan UFC son illər qlobal idman və əyləncə sənayesinin ən tanınmış brendlərindən birinə çevrilib. UFC Freedom 250-nin də təşkilatın tarixində ən böyük rezonans doğuran tədbirlərdən biri olacağı və milyonlarla tamaşaçının diqqətini cəlb edəcəyi gözlənilir.
Dünya idman ictimaiyyətinin diqqəti Vaşinqtona yönəldiyi bir vaxtda Bakı da növbəti UFC gecəsinə hazırlaşır. Turnir iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan hazırda Cənubi Qafqaz və MDB məkanında UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir. Mövcud razılaşmaya əsasən, 2028-ci ilədək Bakıda hər il UFC Fight Night turnirlərinin təşkili nəzərdə tutulur.