Azərbaycan enerji sahəsində əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır ŞƏRH
Bakı, 11 iyun, AZƏRTAC
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu artıq yalnız malik olduqları təbii resurslar və ya hərbi imkanlarla müəyyən edilmir. Qlobal iqtisadi inteqrasiyanın dərinləşdiyi, enerji təhlükəsizliyi, nəqliyyat əlaqəliliyi və geoiqtisadi əməkdaşlıq məsələlərinin ön plana çıxdığı bir dövrdə dövlətlərin strateji əhəmiyyəti onların regional və beynəlxalq proseslərdə oynadıqları rol əsasında qiymətləndirilir. Bu baxımdan, Azərbaycan son illərdə beynəlxalq sistemdə mövqeyini yüksək dərəcədə gücləndirən ölkələrdən biri kimi diqqət çəkir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Səbinə Qaraşova söyləyib.
“Azərbaycanın beynəlxalq çəkisinin artmasını şərtləndirən əsas amillərdən biri ölkənin enerji siyasətinin ardıcıl və uzunmüddətli strategiya əsasında qurulmasıdır. Enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması ilə başlayan proses zamanla daha geniş geoiqtisadi məzmun qazanıb. Ölkənin beynəlxalq enerji bazarlarındakı rolu artıq təkcə karbohidrogen ehtiyatlarının ixracı ilə məhdudlaşmır, eyni zamanda, enerji marşrutlarının şaxələndirilməsi, təchizat təhlükəsizliyinin gücləndirilməsi və regional enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində mühüm tərəfdaş kimi çıxış edir. Bu baxımdan, ölkəmiz Avrasiya məkanında enerji sahəsində qarşılıqlı əlaqələrin möhkəmlənməsində vacib mövqeyə malikdir”,- deyə S.Qaraşova diqqətə çatdırıb.
Onun sözlərinə görə, son illərdə qlobal ticarət marşrutlarının şaxələndirilməsi və yeni logistika imkanlarının formalaşması fonunda ölkənin tranzit potensialı da ön plana çıxıb. Azərbaycan coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirməyi bacaran ölkələrdən biridir. Şərqlə Qərbi, həmçinin Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin inkişafı ölkənin regional əlaqəliliyin gücləndirilməsində rolunu artırır. Müasir dövrdə nəqliyyat infrastrukturu təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və strateji təsir vasitəsinə çevrildiyindən bu istiqamətdə əldə olunan nəticələr Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir. Diqqətçəkən məqamlardan biri də enerji ilə nəqliyyat diplomatiyasının paralel şəkildə inkişaf etməsidir. Beynəlxalq təcrübə göstərir ki, enerji və logistika marşrutlarının kəsişdiyi ölkələr qlobal iqtisadi proseslərdə daha böyük təsir imkanları əldə edirlər. Azərbaycan da son illərdə məhz bu model üzrə hərəkət edərək regional əməkdaşlıq layihələrinin fəal iştirakçısına çevrilib. Bu, ölkəyə beynəlxalq tərəfdaşlarla siyasi dialoqun genişlənməsinə də şərait yaradır.
“Dünya miqyasında bərpaolunan enerji mənbələrinə keçid sürətləndikcə ənənəvi enerji istehsalçıları qarşısında yeni çağırışlar meydana çıxır. Azərbaycanın bu prosesə uyğunlaşması və yaşıl enerji istiqamətini strateji prioritetlərdən biri kimi müəyyənləşdirməsi uzunmüddətli perspektiv baxımından mühüm əhəmiyyət daşıyır. Bərpaolunan mənbələr üzrə layihələrin genişləndirilməsi ölkənin bu sahədə uzunmüddətli strategiyasının davamlılığını təmin etməklə yanaşı, onu qlobal yaşıl transformasiya prosesinin fəal iştirakçılarından birinə çevirir. Bu dövrdə tərəfdaşlar üçün öhdəliklərin yerinə yetirilməsi və uzunmüddətli əməkdaşlıq üçün əlverişli mühitin yaradılması da əsas meyarlardan biridir. Azərbaycanın enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində iştirak etdiyi layihələrə nəzər saldıqda ölkənin məhz etibarlı tərəfdaş imicini möhkəmləndirməyə çalışdığı görünür. Bu amil beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından mühüm üstünlük yaradır”, - deyə S.Qaraşova qeyd edib.
“Müxtəlif beynəlxalq forumlar, enerji və iqtisadi əməkdaşlıq platformaları, eləcə də qlobal əhəmiyyətli konfranslar ölkənin beynəlxalq dialoq üçün mühüm məkanlardan birinə çevrildiyini göstərir. Belə tədbirlər dövlətlər, beynəlxalq təşkilatlar və biznes dairələri arasında əməkdaşlığın genişlənməsinə şərait yaradır. Regional əlaqəliliyin, enerji və nəqliyyat təhlükəsizliyinin təşviqində artan rol isə geosiyasi və geoiqtisadi əhəmiyyəti daha da gücləndirir”, - deyə fəlsəfə doktoru əlavə edib.