İQTİSADİYYAT
“Akkord” Korporasiyası “Uğur-2” yaşayış kompleksini təhvil vermişdir
Bakı, 25 dekabr (AZƏRTAC). “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC “Uğur” silsiləsindən daha bir yaşayış kompleksini dekabrın 24-də sakinlərin ixtiyarına vermişdir.
ASC-dən AZƏRTAC-a bildirmişlər ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “Uğur-2” kompleksinin təhvil verilməsi münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətinin başçısı Əlibaba Əliyev, Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu, “Akkord” Korporasiyasının baş direktoru Xaqani Quluzadə və başqaları iştirak etmişlər.
Tədbirdə çıxış edənlər sakinləri təbrik etmiş, yaşayış kompleksinin istifadəyə verilməsini Yeni il ərəfəsində mənzil sahiblərinə bir hədiyyə olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, “Uğur-2” bu silsilədən təhvil verilən sayca üçüncü yaşayış kompleksidir. Bundan əvvəl “Akkord” Xətai rayonunda “Uğur-1” və Xırdalan şəhərində “Uğur-4” yaşayış komplekslərini təhvil vermişdir.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları kompleksdə görülmüş işlərlə tanış olmuşlar.
Tədbirin sonunda sakinlərə Korporasiyanın hədiyyələri təqdim edilmişdir.