ELM VƏ TƏHSİL
Akkreditasiya Şurasının növbəti iclası keçirilmişdir
Bakı, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, təhsil naziri Misir Mərdanov iclasda Abşeron-Ceyranbatan Peşə Liseyi, 15 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi və Yevlax Peşə Məktəbinin akkreditasiyasının nəticələrinin müzakirə olunacağını diqqətə çatdırmışdır.
Abşeron-Ceyranbatan Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Şahrza Ağayev həmin müəssisədə aparılmış akkreditasiyanın nəticələri barədə məlumat vermiş, bu təhsil ocağının ümumi fəaliyyəti barədə fikirlərini bildirmişdir.
Ş.Ağayev Abşeron-Ceyranbatan Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı, akkreditasiya zamanı keçirilmiş sorğunun nəticələri və digər məsələlərdən söz açmışdır.
Sonra 15 nömrəli Bakı Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri Şahin Bəylərov təhsil müəssisəsində aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırmışdır. Ş.Bəylərov 15 nömrəli Bakı Peşə Liseyinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası barəsində danışmış, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd etmişdir.
Daha sonra 1 nömrəli Bakı Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Tərminə Yusufovanın təqdimat-məruzəsi dinlənilmişdir. O, təhsil ocağının fəaliyyətindən, maddi-texniki bazasından, tədrisdə müasir texnologiyaların imkanlarından istifadə vəziyyəti, ümumilikdə akkreditasiyanın nəticələrindən söz açmışdır.
Yevlax Peşə Məktəbi üzrə Akkreditasiya Komissiyasının sədri Qəhrəman Hacıyev həmin müəssisədə aparılmış araşdırmaya dair geniş məlumat vermiş, akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı və digər məsələlərdən danışmışdır.
Sonra qeyd olunan peşə təhsili müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, təkliflər səsləndirilmişdir.
M.Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiyanın nəticələri ilə bağlı fikirlərini bildirmiş, tövsiyə və tapşırıqlarını vermişdir.
İclasda Abşeron-Ceyranbatan Peşə Liseyi, 15 nömrəli Bakı Peşə Liseyi, 1 nömrəli Bakı Peşə Məktəbi və Yevlax Peşə Məktəbinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilmişdir.