İQTİSADİYYAT
AKTA İƏT-in kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri əməkdaşlıq platformasına üzv seçilib
![AKTA İƏT-in kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri əməkdaşlıq platformasına üzv seçilib](/files/2023/3/1200x630/17015112866273861391_1200x630.jpg)
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri (OIC-CERT) əməkdaşlıq platformasına üzv seçilib.
AZƏRTAC AKTA-nın məlumatına istinadla xəbər verir ki, AKTA-nın namizədliyi Azərbaycanın OIC-CERT-də rəsmi nümayəndəliyini həyata keçirən, şəbəkənin tamhüquqlu üzvü olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən irəli sürülüb.
Təşkilatın “ümumi üzvlük” kateqoriyası üzrə üzvlüyünə qəbul edilən AKTA tələb olunan üzvlük meyarlarına tam olaraq cavab verir. Meyarlar arasında sahə üzrə beynəlxalq konfranslarda aktiv və effektiv iştirak, tədqiqatçıların və tədqiqat qruplarının mövcudluğu, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində tədbir, seminar və təlimlərin təşkili yer almaqdadır. Həmçinin müvafiq istiqamətdə ictimai məsləhətlərin verilməsi, ictimai məlumatlandırma və maarifləndirmə kampaniyalarının təşkil edilməsi, qanunvericilik layihələrinin hazırlanmasında iştirak və bu cür təşəbbüslərə dəstək də üzvlüyə qəbul üçün əsas meyarlar arasındadır.
Qeyd edək ki, 2005-ci ildə İslam İnkişaf Bankının (İİB) Rəhbərlər Şurasının İllik Toplantısı zamanı İƏT-ə üzv ölkələr arasında kibertəhdidlərə qarşı mübarizənin gücləndirilməsi üçün qlobal əməkdaşlığın həyata keçirilməsi məqsədilə OIC-CERT-in yaradılması təklif edilib. Hal-hazırda şəbəkənin 29 dövlətdən müxtəlif kateqoriyalar üzrə 50 ətrafında çox üzvü var.