QAN YADDAŞI
Aktaudakı baş konsulluğumuz və “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi 20 Yanvar faciəsi qurbanlarını anmışlar
Aktau, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Aktaudakı baş konsulluğu və vilayətdəki “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirmişlər.
Tədbirdə vilayətdə yaşayan soydaşlarımız, tanınmış ziyalılar, diaspor təşkilatlarının üzvləri, jurnalistlər iştirak etmişlər. Mərasim iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı fotoşəkillərdən və kitablardan ibarət sərgiyə baxmışlar.
20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunmuş, ölkəmizin Aktaudakı baş konsulu Elxan Zeynalov faciəyə aparan yol haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin adları dövlətimizin yeni tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.
AMM-nin sədri professor Yusif Quliyev, müavini Vaqif Əliyev, soydaşlarımız Bəxtiyar Məsimov, Rövşən Həsənov, vilayətdəki Udin İctimai Birliyinin sədri Voroşil Makarov və başqaları 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli səhifəsi olduğunu qeyd etmişlər.
Sonra şəhidlərin ruhuna dua oxunmuş, ehsan verilmişdir.
20 Yanvar faciəsi ilə bağlı Atırau, Aktyubinsk və Qərbi-Qazaxıstan vilayətlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da müxtəlif tədbirlər keçirmişlər. Baş konsulluğumuz bu təşkilatları təbliğat materialları və filmlərlə təmin etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau