İDMAN
Aleksandr Şamko: Birinci Avropa Oyunlarında Belarus idmançılarının çıxışını uğurlu hesab etmək olar
Minsk, 10 iyul, AZƏRTAC
Bakıda keçirilmiş birinci Avropa Oyunlarında Belarus idmançılarının çıxışını uğurlu hesab etmək olar. Bu sözləri ONT televiziya kanalında "Nado razobratsya" proqramında Belarusun idman və turizm naziri Aleksandr Şamko deyib.
İdman naziri qeyd edib ki, atletlərin hazırlanması zamanı kəmiyyətə deyil, keyfiyyətə fikir vermək lazımdır. Belarusda idman elm və təbabətində müasir texnologiyalardan fəal istifadə edilir, idmanın müxtəlif növləri üzrə milli yığma komandalara dəqiq seçim sistemi qurulub. Onun fikrincə, bu, ən böyük beynəlxalq yarışlarda müvəffəqiyyət qazanmağa imkan verir.
Nazir idman ehtiyat qüvvələrinin hazırlanması sahəsində çalışan məşqçi kadrların ixtisaslaşması ilə bağlı problemlər olduğunu etiraf edib. Lakin sahə rəhbərinin sözlərinə görə, hazırda hökumət səviyyəsində bu problemin həlli yolları nəzərdən keçirilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk