ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə dördüncü ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanmışdır
Bakı, 30 iyul (AZƏRTAC). 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə bu il iyulun 27-də keçirilmiş qəbul imtahanının nəticələri TQDK-nın internet saytında yerləşdirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə biləcəkdir.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.
Dördüncü ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 15 min 408 abituriyentlərdən 1.010 nəfəri imtahanda iştirak etməmişdir.
İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri müvafiq qaydalara zidd hərəkətlərə yol verdiyinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.
Test imtahanının nəticəsinə əsasən 2 min 973 abituriyent (xüsusi qabiliyyət tələb edən və aqrar ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanmışdır.
İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaqdır. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunmuşdur.
Ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə bilərlər.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Aqrar ixtisaslar üzrə ixtisas seçiminə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılacaqlar.