“Alimlər şəhərciyi” yaşayış kompleksində təhsil işçiləri də mənzil ala biləcəklər
Bakı, 30 aprel, AZƏRTAC
Abşeron rayonu Saray qəsəbəsində salınan "Alimlər şəhərciyi" yaşayış kompleksində təhsil işçiləri də mənzil ala biləcəklər. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.
Qeyd edək ki, layihənin məqsədi AMEA və Təhsil Nazirliyinin əməkdaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, “Smart City - Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq bir, iki və üçotaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorundakı ən son texnoloji yeniliklər tətbiq ediləcək.