ALMANİYA KANSLERİNƏ AVROPANIN ƏN NÜFUZLU MÜKAFATLARINDAN BİRİ TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri Frans Press agentliyinə istinadla xəbər verir ki, mayın 1-də Almaniyanın Aix-la-Chapelle şəhərində kansler Angela Merkelə 2008-ci il üçün Şarleman mükafatı təqdim olunmuşdur.
Mərasimdə Avropanın bir çox ölkələrinin başçıları, dövlət rəsmiləri, siyasi xadimlər və Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Fransa prezidenti Nikola Sarkozi 2008-ci il Şarleman mükafatının laureatı Angela Merkeli təbrik etmiş və bildirmişdir ki, A.Merkel yalnız Avropada deyil, bütün dünyada tanınmış siyasi xadimlərdən biridir. Kansler ölkələrarası iqtisadi əlaqələrin, dostluq münasibətlərinin inkişafında xüsusi xidmətlər göstərmiş, Fransa-Almaniya əməkdaşlığının möhkəmləndirilməsinə böyük töhfələr vermişdir.
1982-ci ilin laureatı İspaniya kralı Xuan Karlos və digər dövlətlərin rəsmiləri Angela Merkeli yüksək mükafat münasibətilə təbrik etmişlər.
Avropanın ən nüfuzlu mükafatlarından biri sayılan Şarleman mükafatı 1950-ci ildə M.Eberxeym tərəfindən təsis edilmişdir. Mükafat Avropanın xeyrinə çalışan, qitədə əmin-amanlığın qorunmasına səy göstərən dövlət başçılarına və siyasi xadimlərə verilir. İndiyədək 40 nəfər bu mükafata layiq görülmüşdür. Onların arasında Konrad Adenaur, Uinston Çörçill, Rober Şuman, İspaniya kralı Xuan Karlos, Fransua Mitteran, Helmut Kol, Vatslav Havel, Toni Bleyer, Bill Klinton, Valeri Jiskar d’Esten kimi tanınmış şəxslər vardır.