DÜNYA
Almaniyada ABŞ üçün işləmiş casus yaxalanmışdır
![Almaniyada ABŞ üçün işləmiş casus yaxalanmışdır](/files/2014/2/1200x630/1408712393763137941_1200x630.jpg)
Berlin, 4 iyul (AZƏRTAC). “Süddeutsche Zeitung” qəzeti bugünkü nömrəsində yazır ki, Almaniyanın BND kəşfiyyat xidmətinin əməkdaşı ABŞ-ın tapşırığı ilə onun Milli Təhlükəsizlik Agentliyinin (MTA) AFR-dəki fəaliyyətinin təhqiqi üzrə bundestaq komitəsinin işi barədə məlumat toplamaqla məşğul olmaqda şübhəli bilinir. 31 yaşlı alman casusluq fəaliyyətində şübhəli bilinərək iyulun 2-də saxlanılmışdır.
Bir gün əvvəl baş prokurorluq casusluq fəaliyyəti ilə məşğul olduğu güman edilən BND əməkdaşının saxlanılması üçün order verdiyini bildirsə də ətraflı məlumat verməkdən imtina etmişdir. Baş prokurorluğun Karlsruedəki nümayəndəsi iyulun 4-də yenə də məsələnin təfsilatını izah etməkdən boyun qaçırmışdır.
Dpa agentliyi xəbər verir ki, əvvəlcə BND əməkdaşının Rusiya kəşfiyyatı ilə əlaqə yaratmağa çalışdığı güman edilirdi, lakin dindirmələr zamanı o, Amerikanın xüsusi idarələrinin tapşırığı ilə məlumat topladığını etiraf etmişdir. Hazırda müstəntiqlər onun ifadələrinin dəqiqliyini yoxlayırlar. Onlar saxlanılanın yalan məlumat verməsini də istisna etmirlər. Onun ifadələri təsdiq olunarsa, bu, müharibədən sonrakı dövrdə Almaniya ilə ABŞ arasında ən böyük casusluq qalmaqalına gətirib çıxara bilər.
AFR hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirmişdir ki, iyulun 3-də kansler Angela Merkelə BND əməkdaşının saxlanıldığı barədə məlumat verilmişdir. Lakin o, həmin gün axşam bu məsələnin Angela Merkel ilə ABŞ prezidenti Barak Obamanın telefon danışığı zamanı müzakirə olunub-olunmadığını dəqiqləşdirməmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin