ALMANİYANIN HANNOVER ŞƏHƏRİNDƏ “AZƏRBAYCAN İQTİSADİYYATI GÜNÜ” KEÇİRİLMİŞDİR
Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, aprelin 22-də “Hannover-2008” beynəlxalq sənaye yarmarkası çərçivəsində “Azərbaycan iqtisadiyyatı günü” keçirilmişdir.
Tədbirin əsas məqsədi son illərdə Azərbaycan iqtisadiyyatında qazanılan nailiyyətlər, ölkəmizdəki investisiya mühiti, qeyri-neft sektorunun potensialı və inkişafı barədə alman şirkətlərini məlumatlandırmaqdan ibarət olmuşdur.
Tədbirin əvvəlində Alman İqtisadiyyatı Şərq Komitəsinin rəhbəri K.Manqold Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətləri alman şirkətlərinin də maraqla izlədiklərini bildirərək, ölkəmizlə iqtisadi əməkdaşlığa marağı olan şirkətlər üçün bu tədbirin mühüm əhəmiyyətini vurğulamışdır.
Ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov son illərdə Almaniya-Azərbaycan əlaqələrinin hər sahədə, o cümlədən iqtisadi sahədə də sürətlə inkişaf etməsinə toxunaraq, Prezident İlham Əliyevin Almaniyaya, həmin ölkənin iqtisadiyyat və yeni texnologiyalar naziri Mixael Qlosun Bakıya səfərlərinin bu münasibətlərin inkişafına layiqli töhfə verdiyini bildirmişdir. Keçən il Almaniyada və Bakıda təşkil olunmuş biznes forumların qarşılıqlı informasiya mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirən səfir, 2008-ci ilin Almaniyada Azərbaycan ili kimi qeyd olunduğunu xatırladaraq, Hannover sərgisi çərçivəsində keçirilən “Azərbaycan iqtisadiyyatı günü” tədbirini əlamətdar hadisə kimi qiymətləndirmişdir.
İqtisadiyyat və Yeni Texnologiyalar Nazirliyinin beynəlxalq enerji siyasəti idarəsinin rəis müavini V.Şnayder Almaniyanın enerji təchizatında Azərbaycanın xüsusi əhəmiyyətini vurğulayaraq, 2007-ci ildə ölkəsinin Azərbaycandan 3 milyon ton neft idxal etdiyini xatırlatmışdır. O, Almaniyaya neft ixracında Azərbaycanın 7-ci yerdə olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Almaniyanın ikinci böyük qaz şirkəti olan “RWE AG”-nin dəyəri 5 milyard avro olan “Nabukko” layihəsinə qoşulmasını alqışlayan natiq Azərbaycanın nəinki ölkəsinin, hətta Avropanın təbii qazla təchizatında xüsusi rola sahib olacağına inandığını bildirmişdir. V.Şnayder ölkələrimizin təkcə neft sektorunda deyil, həmçinin qeyri-neft sektorunda da əməkdaşlığının vacibliyini vurğulamışdır.
Aşağı Saksoniya əyalətinin İqtisadiyyat, Əmək və Nəqliyyat Nazirliyinin idarə rəisi Q.Qizler təmsil etdiyi əyalətin Almaniyanın federal əyalətləri arasında ərazisinə görə 2-ci, əhalisinin sayına görə 4-cü yeri tutduğunu və Avropanın mərkəzində, dəmir yolları və avtomobil magistrallarının kəsişmə nöqtəsində yerləşdiyini bildirmişdir. O, külək enerjisi qurğuları, yeyinti sənayesi, kənd təsərrüfatı sahələrində Azərbaycan ilə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyindən danışmışdır. Natiq cari ilin mayın 25-27-də Aşağı Saksoniya əyalətinin iqtisadiyyat, əmək və nəqliyyat naziri V.Hirxenin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana nəzərdə tutulan səfərinin qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Q.Qizler “Azərbaycan iqtisadiyyatı günü”nün Aşağı Saksoniya əyalətində keçirilməsindən son dərəcə məmnun olduqlarını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin son illərdə iqtisadi sahədə əldə etdiyi nailiyyətlər və həyata keçirilən hüquqi islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Natiq təhsil, sosial təminat, məşğulluq, demoqrafik inkişaf, regionların sosial-iqtisadi inkişafı kimi müxtəlif istiqamətlərdə 30-a yaxın dövlət proqramının uğurla icra edildiyini, xarici sərmayədarlar üçün ölkəmizin cəlbedici məkana çevrildiyini bildirərək, son illərdə Azərbaycanın iş adamlarının xarici ölkələrə investisiya qoyduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə tədbir iştirakçılarını ölkəmizdə informasiya texnologiyalarının inkişafına dair məlumatlandıraraq, Azərbaycan Respublikasının Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış 2007-2008-ci illər üzrə “Global Information Technology Report” (İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabatda) “Şəbəkə hazırlığı” cədvəlində 127 ölkə arasında 67-ci yeri, MDB məkanında isə 1-ci yeri tutduğunu vurğulamışdır. O, ölkə üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayının 2000-ci ildə 14,62 ədəd olduğu halda, 2008-ci ildə 15,07 ədəd təşkil etdiyini, mobil abonentlərinin sayının 4 400 min nəfər təşkil edərək, hər 100 nəfərə 51 mobil abonentin düşdüyünü bildirmişdir. E.Vəlizadə regional İnnovasiya Zonasının (RİZ) yaradılması ilə bağlı hazırlanan paketdə yerli və xarici şirkətlər tərəfindən informasiya texnologiyaları avadanlığı istehsalının təşkili, proqram təminatı və xidmətlərin çeşidinin artırılması məsələlərinin əks olunduğunu, RİZ layihəsinin reallaşdırılmasının yüksək texnologiyalar nəticəsində iqtisadi artımın təmin edilməsi baxımından Azərbaycan, eləcə də qlobal sərmayədarlar üçün mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını vurğulamışdır.
Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri F.Qurbanov ikinci dünya müharibəsindən sonra beynəlxalq miqyasda turizm sektorunda baş verən irəliləyişlərə diqqəti cəlb edərək, son illərdə ölkəmizin turizm potensialının gücləndiyini, 2002-ci ildə 834 min nəfər olan turist sayının 2006-cı ildə 1193 min nəfər təşkil etdiyini, 2001-ci ildə 86 olan mehmanxana sayının 2006-cı ildə 334-ə yüksəldiyini diqqətə çatdıraraq 11 iqlim qovşağından 9-nun Azərbaycanda mövcudluğunun turizmin inkişafına təsir edən əhəmiyyətli faktor olduğunu vurğulamışdır. Ölkəmizin, eyni zamanda, tarixi abidələrlə də zəngin olduğunu bildirən F.Qurbanov, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun YUNESKO-nun Dünya mədəni irsinin siyahısına daxil edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri S.Nuriyev çıxışında xarici sərmayədarların nəyə görə məhz Azərbaycanı seçmələri barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Sahibkarlığın inkişafı ilə bağlı yeni Dövlət Proqramı layihəsində sahibkarlara maliyyə dəstəyi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı yeniliklərin öz əksini tapdığını bildirən S.Nuriyev, sözügedən proqramın qəbul edilmə mərhələsində olduğunu söyləmişdir.
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Xaliq Məmmədov tədbir iştirakçılarına Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əlaqələrin güclənməsi, ölkəmizin qanunvericiliyinin Avropa İttifaqının bu sahədəki qanunvericiliyinə uyğunlaşdırılması, respublikamızın sosial-iqtisadi inkişafı və digər məsələlər barədə geniş məlumat vermişdir.
Sonda Azərbaycanda fəaliyyət göstərən alman şirkətlərinin və təşkilatlarının nümayəndələri (Kommerzbank, Almaniya İnkişaf Bankı, Almaniya-Azərbaycan İqtisadi Təşviq Cəmiyyəti və s.) iştirakçılara ölkəmizdə investisiya mühiti barədə məlumat vermiş, öz təcrübələrindən danışmışlar. Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şəraitin olduğunu qeyd edən şirkətlərin təmsilçiləri iş adamlarını Azərbaycana sərmayə yatırmağa çağırmışlar.