DÜNYA
Almanlar Merkeldən qəti mövqe tələb edirlər
Berlin, 9 yanvar (AZƏRTAC). Almaniya müxalifəti Angela Merkeli Federal Prezident ətrafındakı qalmaqalda dəqiq mövqe tutmağa çağırır. AFR Kansleri qətiyyətsiz dəstək bəyanatları əvəzinə Kristian Vulfun dövlətin başçısı vəzifələrini qalan 3,5 il ərzində yerinə yetirməyə qadir olmaması barədə fikrini aydın bildirməlidir. Bu fikri “Tagesspiegel am Sonntag” qəzetinə müsahibəsində Almaniya Sosial-Demokrat Partiyasının parlament fraksiyasının başçısı Frank-Valter Ştaynmayer səsləndirmişdir. Onun sözlərinə görə, Vulfun AFR-in yeni Prezidenti seçilməsi üçün Merkel az səy göstərməmişdir. DAPD agentliyi Ştaynmayerin bəyanatından “İndi o, özünü elə aparmamalıdır ki, sanki bu məsələyə heç bir aidiyyəti yoxdur və Federal Prezident başqa siyasi planetdədir” sözlərini sitat gətirmişdir.
Angela Merkel yanvarın 6-da dövlətin başçısına dəstək göstərmişdir. Merkelin rəsmi nümayəndəsi Şteffen Zaybert Berlində demişdir: “Federal Kansler Kristian Vulfu həm insan, həm də Federal Prezident kimi yüksək qiymətləndirir. Onun sözlərinə görə, kansler tamamilə əmindir ki, Prezident gələcəkdə ortaya çıxa biləcək məsələlərə bundan sonra da səmimi cavab verəcəkdir. İndi isə bu mövzunu bağlı saymaq olar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin