İQTİSADİYYAT
Altı ayda Vergilər Nazirliyinin Çağrı mərkəzinə 380 mindən çox zəng daxil olub
Bakı, 18 iyul, AZƏRTAC
Bu ilin birinci yarısında Vergilər Nazirliyinin Çağrı mərkəzinə 380 min 323 zəng daxil olub. Canlı əlaqə zamanı daxil olmuş zənglərin 76 faizi Çağrı mərkəzinin əməkdaşları tərəfindən cavablandırılıb.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, mürəkkəb xarakterli 7159 müraciətlə bağlı müraciət vərəqəsi tərtib edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,2 faiz çoxdur.
Hesabat dövründə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları ilə bağlı cavablandırılmış müraciətlərin xüsusi çəkisi ümumi müraciətlərin 16,2 faizini təşkil edib.
Vergi növləri barədə məlumat əldə etmək üçün 18 min 292, vergi borcu barədə məlumat əldə etmək üçün 21 min 519, zəng sifariş etmək üçün 4905 dəfə səsli menyudan istifadə olunub.
Hesabat dövründə vergiödəyicilərinə 774 min 675 SMS göndərilib.