ELM VƏ TƏHSİL
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantları onlayn imtahan veriblər
Bakı, 16 iyul, AZƏRTAC
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun magistraturasında arxeologiya və etnoqrafiya, eləcə də antropologiya ixtisaslaşmaları üzrə təhsil alan I kurs tələbələrin “İslam arxeologiyası”, “Paleoantropologiya (Bioarxeologiya)” fənlərindən sonuncu imtahanları keçirilib. Tələbələrin cavablarını Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Tarix Dostiyev və Antropologiya mərkəzinin elmi işçisi Vüsal Həsənov qiymətləndirib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, yay imtahan sessiyası çərçivəsində müvafiq ixtisaslaşma üzrə təhsil alan tələbələr 7 imtahan veriblər. Bunlardan üçü qeyri-ixtisas fənləri (“Ali məktəb pedaqogikası”, “Fəlsəfə”, “Psixologiya”), digərləri isə ixtisas fənlərindən (“Antropologiyanın müasir problemləri”, “Sosial antropologiya”, “Odontologiya”, “Paleoantropologiya (Bioarxeologiya)”, “Azərbaycan etnoqrafiyası”, “Azərbaycanın azsaylı xalqları”, “Arxeologiyanın müasir problemləri”, “İslam arxeologiyası”) olub. İmtahan nəticələrinə uyğun olaraq magistrantlar 2019-2020-ci tədris ilinin yaz semestrini ən yüksək qiymətlərlə başa vurublar.
COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin tələblərinə uyğun olaraq semestr ərzində dərslər, habelə imtahanlar onlayn keçirilib. Bütün imtahanların videoqeydiyyatı aparılıb. İmtahanların gedişinə institutun Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov nəzarət edib.