ELM VƏ TƏHSİL
AMEA-da akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi münasibətilə elmi sessiya keçirilib
Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Akademik Məmməd Cəfər Cəfərov və Azərbaycan humanitar elminin müasir problemləri” mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. O, Azərbaycan ədəbiyyatşünaslıq tarixində özünəməxsus yer tutan akademik Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətindən bəhs edib. Alimin Azərbaycanda ədəbiyyat nəzəriyyəsi məktəbinin əsas yaradıcılarından biri olduğunu deyən akademik bildirib ki, Məmməd Cəfər Cəfərov ədəbiyyatşünaslıqda elmi məktəb yaradıb. O, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının banisidir. Alim ölkə və dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və estetika, fəlsəfə məsələlərinə dair fundamental əsərlər yazıb.
Akademik İsa Həbibbəyli ədəbiyyatşünas alimin əsərlərində nəzəri təhlil və ümumiləşdirmələrin xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi çərçivəsində Ədəbiyyat İnstitutunda tədqiqatların aparıldığını vurğulayan İsa Həbibbəyli akademikin “Get dolangilən, xainsən hələ” tragikomediyasının çap olunduğunu və Naxçıvanda tamaşaya qoyulduğunu söyləyib. Bundan əlavə, Məmməd Cəfər Cəfərovun Ədəbiyyat İnstitutu, o cümlədən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında yazdığı məqalələrin üzə çıxarıldığını, alimin ümumilikdə 100 məktubunun əldə edildiyini deyib. O, aşkarlanan materialların 2020-ci ildə çap ediləcəyini bildirib, bütövlükdə ədibin əsərlərinin 10 cild halında yenidən nəşrinə ehtiyac olduğunu diqqətə çatdırıb.
Sessiyada akademiklər Teymur Kərimli “Akademik Məmməd Cəfər Cəfərov və klassik ədəbi irs”, Möhsün Nağısoylu “Akademik Məmməd Cəfər Cəfərovun dilçilik görüşləri” mövzularında elmi məruzələrlə çıxış ediblər.
Filologiya üzrə elmlər doktorları Şirindil Alışanlı, Gülbəniz Babaxanlı, Tahirə Məmməd, Vaqif Yusifli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov çıxışlarında görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslıq elminin aktual problemlərinin tədqiqinə həsr olunan zəngin yaradıcılığından bəhs ediblər.
Sonda Məmməd Cəfər Cəfərovun ailəsi adından professor Ulduz Həşimova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.