AMEA-da “Gənc alimlərin birinci elm festivalı”nın açılış mərasimi keçirilmişdir
Bakı, 13 iyul (AZƏRTAC). İyulun 13-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında “Gənc alimlərin birinci elm festivalı”nın açılış mərasimi olmuşdur.
Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr olunan tədbir AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı, AMEA Rəyasət Heyətinin dəstəyi ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbiri AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov açaraq ölkəmizdə elmin, təhsilin inkişafına dövlət qayğısından, bu sahədə görülən işlərdən, həyata keçirilən uğurlu layihələrdən danışmışdır. Gənclər siyasətinin dövlətimizin prioritetlərindən olduğunu qeyd edən A.Həşimov gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədi ilə yaxın günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əhəmiyyətindən, məqsəd və vəzifələrindən bəhs etmişdir. Akademik bildirmişdir ki, gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması, gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması Dövlət Proqramında nəzərdə tutulan əsas vəzifələrdəndir.
“Gənc alimlərin birinci elm festivalı”nın gənclər siyasətinin inkişaf etdirilməsi sahəsində növbəti uğurlu addım olduğunu vurğulayan A.Həşimov tədbir iştirakçılarına müvəffəqiyyətlər arzulamışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elşən Hüseynov, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri İlqar Orucov və digər çıxış edənlər elmin inkişafında gənc alim və tədqiqatçıların rolundan, ölkəmizdə “Elm həftəsi” adlı silsilə tədbirlərin keçirilməsindən, gənc mütəxəssislərin bu tədbirlərdə fəal iştirakından, beynəlxalq konfrans və simpoziumlarda gənc alimlərin iştirakına dövlət tərəfindən dəstək göstərilməsindən danışmışlar.
Festival çərçivəsində “Gənc alimlərin elmi tədqiqatlarının müasir istiqamətləri” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə texniki və təbiət elmləri sahəsində tədqiqat aparan gənc alimlər təqdimatla çıxış etmişlər.
Konfransda AMEA-da çalışan gənc alimlərin, digər elmi-tədqiqat müəssisələrində, universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçıların “Vebometriya”, “Mişovdağ və Kürovdağ yataqlarının üçölçülü modeli”, “Abşeron iqtisadi rayonunda mineral-xammal təmayüllü sənayenin müasir inkişaf xüsusiyyətləri”, Qloballaşma proseslərinin mahiyyəti” və digər mövzularda 19 məruzə dinlənilərək müzakirə edilmişdir.
“Gənc alimlərin birinci elm festivalı” iyulun 14-də işini davam etdirəcəkdir.
######
