AMEA Geologiya İnstitutunda hesabat iclası keçirilmişdir
Bakı, 10 yanvar (AZƏRTAC). Yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda bu elm müəssisəsinin 2011-ci ilə dair hesabat iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə Geologiya İnstitutunun birillik elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, ötən il institutda 10 mövzunu və 21 elmi tədqiqat işini əhatə edən dörd problem üzrə tədqiqatlar aparılmışdır. Yeddi elmi tədqiqat işi başa çatdırılmışdır.
Hesabat ilində İçveçrənin Milli Elm Fondunun 2009-2013-cü illər üçün SCOPES proqramı çərçivəsində “Qafqazın tektonikası” beynəlxalq layihəsi üzrə “Qafqazın tektonik xəritəsi”nin yaradılması işləri davam etdirilmiş, layihə iştirakçılarının təqdim etdikləri xəritələr maketlərinin uzlaşdırılması və xəritə üçün vahid legendanın hazırlanması yekunlaşmışdır. “bp-Azərbaycan” şirkəti ilə aparılan elmi tədqiqat işinin icra proqramına müvafiq olaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri boyunca və ətraf ərazilərin geodinamik monitorinqi davam etdirilmişdir.
İsveçrə Milli Elmi Fondunun (SNSF) dəstəyi ilə Azərbaycanda radonun həcmi aktivliyinin paylanma xəritəsi tərtib olunmuşdur. İnstitut əməkdaşları tərəfindən “Azərbaycan Respublikası və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsi”nin rəqəmsal variantı işlənib hazırlanmışdır.
A.Əlizadə qeyd etmişdir ki, alimlərimiz 2011-ci ildə müxtəlif beynəlxalq fondların müsabiqələrində iştirak üçün 12 layihə təqdim etmiş və bu layihələrdən dördü Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant dəstəyini almışdır. Bundan başqa, Geologiya İnstitutu Geoloji İrsin Qorunması üzrə Avropa Assosiasiyasına üzv qəbul olunmuşdur.
Geologiya İnstitutu hazırda Azərbaycanda gənc elmi kadrların yetişdirilməsi və təlimi ilə ciddi məşğuldur. İnstitutda təcrübəli alimlərin rəhbərliyi altında Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının 27 bakalavr və magistri çalışır.
Hesabat ilində institutun əməkdaşları müxtəlif beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumlarda iştirak etmişlər. Bu geoloji forumların toplularında, həmçinin müxtəlif elmi jurnallarda əməkdaşların 154 elmi əsəri (69-u məqalə və 85-i tezis şəklində) dərc olunmuşdur. Bundan əlavə, alimlərimiz xarici nəşriyyatlarda 20-dən artiq elmi məqalə cap etdirmişlər.
A.Əlizadə vurğulamışdır ki, 2020-ci ilədək institutun uzunmüddətli perspektiv inkişaf strategiyasının müəyyənləşdirilməsi məsələsi qarşımızda əsas vəzifə kimi durur.
Akademiklər Arif İsmayılzadə, Budaq Budaqov, AMEA-nın müxbir üzvü Vasif Babazadə, geologiya-mineralogiya elmləri doktoru Məcid Bağmanov və başqaları institutun hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirmiş, böyük uğurların əldə olunduğunu qeyd etmiş, təkliflər səsləndirmişlər.