AMEA Neft-Kimya Prosesləri İnstitutunda almaniyalı alimlərlə görüş olmuşdur
Bakı, 20 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) almaniyalı alimlərlə görüş keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə “MarkoTex” Nanotexnologiya Mərkəzinin direktoru, professor Heinrix Lothar, Vestfalyan Vilhelms Universitetinin professoru Yan Anderson və “ThermoFisher Scientific” şirkətinin Almaniya bürosunun elmi-tədqiqat cihazları üzrə meneceri Yohannes Laemmeldir iştirak etmişlər.
Bildirilmişdir ki, “Yeni nəsil nanostrukturlu poliefiruretan əsaslı örtüklərin sintezinin elmi-texnoloji əsaslarının işlənməsi və tətbiqi” üzrə layihə artıq hazırdır və maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna təqdim edilmişdir. Layihənin iştirakçıları - AMEA Neft-Kimya Prosesləri İnstitutu, bu institutun təcrübə sənaye zavodu, Azərbaycan Milli Aviasiya Akademiyası, ABŞ-ın “Phenomenex” şirkəti və “MarcoTex” Nanotexnologiyalar Mərkəzidir.
Gələcəkdə bu layihə üzrə ölçüləri və maqnit xassələri tənzimlənən çoxfunksiyalı poliefiruretan əsaslı kompozitlərin və onların əsasında örtüklərin alınması texnologiyasının işlənilib hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, professor Heinrix Lothar hazırda “MarkoTex” Nanotexnologiya Mərkəzi ilə AMEA NKPİ-nin birgə həyata keçirdikləri, Almaniyanın Təhsil və Tədqiqatlar üzrə Federal Nazirliyinin beynəlxalq bürosu tərəfindən maliyyələşdirilən layihənin rəhbəridir. Layihə əsasən neft-kimyası, neftin emalı, hazırlanması və nəqlində, neftçıxarmada nanotexnologiyaların tətbiqi istiqamətində birgə elmi-tədqiqat işlərinin aparılmasına yönəlmişdir.