AMEA-nın Gəncə Bölməsinin əməkdaşlarının impakt faktorlu jurnallarda 28 məqaləsi çap olunub
Bakı, 15 yanvar, AZƏRTAC
Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin institutlarında altı problemə aid 23 mövzu üzrə 27 iş və 23 mərhələni əhatə edən tədqiqatlar aparılıb, iki mühüm elmi nəticə əldə olunub.
AZƏRTAC xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin növbəti iclasında Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev söyləyib. Gəncə Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat verən akademik bildirib ki, bölmədə aparılan tədqiqatlar nəticəsində əməkdaşlar tərəfindən dörd kitab, 42-si xaricdə olmaqla 96 məqalə, 14-ü xaricdə olmaqla 38 tezis nəşr edilib. İmpakt faktorlu jurnallarda əməkdaşların 28 məqaləsi çap olunub. Hazırda bölmənin institutlarında elmlər doktorluğu hazırlığı üzrə iki, fəlsəfə doktorluğu hazırlığı üzrə doqquz, dissertanturada isə üç nəfər müxtəlif mövzular üzrə tədqiqatlar aparır. 2017-ci ildə bölmə institutlarında bir akademik, yeddi elmlər və 32 fəlsəfə doktoru olmaqla ümumilikdə 92 elmi işçi fəaliyyət göstərir.
Qeyd edilib ki, bölmənin bir neçə əməkdaşı yüksək dövlət mükafatları ilə təltif edilib. 2017-ci ildə bölmədə Geologiya və Geofizika İnstitutunun “Müasir Geodinamika və Kosmik Geodeziya” şöbəsi ilə birgə Azərbaycan GPS poliqonunun stasionar fəaliyyət göstərən Gəncə stansiyası qurulub və dünya UNAVCO NASA sisteminə daxil edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsinin qalibi olmuş “Alüminium zəyinin alunitin tullantısı olan kasıb alunitdən yeni texnoloji üsulla alınmasının işlənməsi” layihəsi üzrə tədqiqatlar davam etdirilir.