ELM VƏ TƏHSİL
AMEA–NIN İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTUNDA GƏNC ALİMLƏR ŞURASI YARADILMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Gənc Alimlər Şurasının yaradılmasına həsr olunmuş konfrans keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrində yaradılmış gənc alimlər şuraları AMEA–nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin (GİİM) struktur bölmələri kimi fəaliyyət göstərirlər.
Elmi-tədqiqat işləri ilə məşğul olan gənclərin sayında irəliləyişin olmasının, magistratura və aspiranturaya axının artmasını gənclərə diqqət və qayğının təcəssümü kimi qiymətləndirən institutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev ölkəmizdə müasir tələblərə müvafiq gəncliyin formalaşması, onlarda peşə qabiliyyətinin artırılması, gənclərin sosial problemlərinin həll edilməsi istiqamətində elmi müəssisələrdə gənc alimlər şuralarının yaradılmasının zəruriliyini vurğulamışdır. AMEA rəyasət heyəti tərəfindən Prezident İlham Əliyevin gənclik və elmlə bağlı siyasətini rəhbər tutaraq gənc elmi kadrların hazırlığına diqqətin daha da artırıldığını, onların səmərəli fəaliyyət göstərmələri üçün müvafiq qərarların qəbul edildiyini nəzərə çatdıran alim, konfrans iştirakçılarına yaradılmış şəraitdən səmərəli istifadə etməyi, daha səylə çalışmağı tövsiyə etmişdir.
AMEA GİİM-in sədri İlqar Orucov bildirmişdir ki, rəhbərlik etdiyi mərkəzin əsas məqsədi gənclərin elmi potensialını artırmaq, onların elm, texnika, iqtisadiyyat, sənaye, energetika, kənd təsərrüfatı və digər sahələrdə ixtiralarını, təşəbbüslərini, təkliflərini stimullaşdırmaq, layihə və proqramları maliyyələşdirmək, elmi kəşflərin və ixtiraların tətbiq olunması ilə əlaqədar dövlət orqanlarına, kommersiya qurumlarına müraciət etmək, ölkəmizdə və xaricdə fəaliyyət göstərən fondların, donor təşkilatların axtarışına yardım etməkdir.
GİİM-in sədri AMEA İTİ-nin rəhbərliyi tərəfindən İKT sahəsi ilə məşğul olan gənclərin instituta cəlb edilərək hərtərəfli dəstək verilməsini, onların alim kimi yetişməsi üçün institutda yaradılmış innovativ mühiti gənclərə göstərilən xüsusi diqqət və qayğı kimi qiymətləndirmişdir.
AMEA-nın müvafiq institutlarında çalışan gənc alimlərin elmi-tədqiqat qrantlarının sayının 50-dən çox olduğu, həmin qrantların Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı (YUNESKO), ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən maliyyələşdiyi vurğulanmışdır.
Konfransda GİİM-in fəaliyyətində gənc alimlərin beynəlxalq əlaqələrinin qurulması, gənclərin elmi-tədqiqat fəaliyyəti sahəsində ABŞ, Yaponiya, Rusiya və Avropa İttifaqı ölkələrinin aparıcı elmi mərkəzləri və alimləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaranmasında onlara informasiya dəstəyi göstərilməsi, dünyanın müxtəlif elm fondları tərəfindən keçirilən müsabiqələrdə gənc alimlərin iştirakının təmin edilməsi, treninqlərin, seminarların təşkili haqqında danışılmışdır.