ELM VƏ TƏHSİL
AMEA-nın müxbir üzvü Asəf Hacıyevin 60 illik yubileyi qeyd edilmişdir
Bakı, 6 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunda görkəmli alim, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Məclisin deputatı Asəf Hacıyevin 60 illik yubileyi qeyd edilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində görkəmli alim A.Hacıyevin həyatı və elmi fəaliyyəti haqqında məlumat vermişdir O, A.Hacıyevin yetkin şəxsiyyət və alim kimi formalaşmasında doğulduğu ailənin xüsusi rol oynadığını vurğulamışdır.
A.Hacıyev ali təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) almış, 1973-cü ildə bu universitetin mexanika-riyaziyyat fakültəsini, 1978-ci ildə isə aspiranturasını bitirmişdir.
A.Hacıyev əmək fəaliyyətinə 1979-cu ildən Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlamışdır. O,1993-1996-cı illərdə Türkiyənin Boğaziçi Universitetində professor vəzifəsində çalışmışdır. 1997-ci ildən bu günə qədər Kibernetika İnstitutunun laboratoriya, 2001-ci ildən Bakı Dövlət Universitetinin ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiridir.
A.Hacıyev 1993-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 2003-cü ildə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
1986-cı ildən ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə Ümumdünya Bernulli Cəmiyyətinin, 2001-ci ildə Beynəlxalq Statistika İnstitutunun üzvü seçilmişdir. 2005-2011-ci illərdə Əbdüs Salam adına Nəzəri Fizika Beynəlxalq Elmi Mərkəzinin baş elmi işçisi seçilmişdir.
2004-cü ildən Üçüncü Dünya Elmlər Akademiyasının həqiqi üzvüdür.
O, Londonda nəşr olunan “Journal of Management Science and Engineering Management” jurnalının baş redaktorunun müavinidir. Böyük potensiala malik alimin elmi rəhbərliyi altında 4 nəfər elmlər doktoru və 7 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Yubiley mərasimində AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov görkəmli alim A.Hacıyevi AMEA prezidenti, akademik Mahmud Kərimov və AMEA Rəyasət Heyəti adından təbrik edərək AMEA-nın Fəxri Fərmanını yubilyara təqdim etmişdir.
Akademiklər Akif Hacıyev, İsmayıl İbrahimov, Cəlal Allahverdiyev, Fikrət Əliyev, Məhərrəm Məmmədyarov, AMEA-nın müxbir üzvləri Rasim Əliquliyev, Əyyub Quliyev və digərləri geniş dünyagörüşünə malik alim, səmimi və xeyirxah insan, gözəl dost, qayğıkeş ailə başçısı A.Hacıyevi 60 illik yubileyi münasibətilə təbrik edərək ona elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətində uğurlar arzulamışlar.
Sonra alimin keçdiyi həyat yolunu əks etdirən film göstərilmişdir.
Xoş sözlərə görə çıxış edənlərə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən A.Hacıyev alim kimi yetişməsində və həyatda mövqe tutmasında atasının və ilk iş yeri kimi fəaliyyətə başladığı və indi də çalışdığı AMEA Kibernetika İnstitutunun böyük rol oynadığını vurğulamışdır.