AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda mühüm elmi-tədqiqat işləri aparılmışdır
Bakı, 30 dekabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) illik fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, RMİ-nin elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Soltan Əliyev hesabat məruzəsində institutda elmi-tədqiqat işlərinin əsasən 2 istiqamət - riyaziyyat və mexanika sahələri üzrə aparıldığını qeyd etmişdir.
S.Əliyev bu elmi istiqamətlərdə 8 problemi (5-i riyaziyyat, 2-si mexanika, 1-i isə elm və texnikanın tarixi sahəsində yerinə yetirilən elmi tədqiqat işlərinə aiddir) əhatə edən 16 mövzu üzrə 111 tədqiqat işi aparıldığını və mühüm nəticələrin əldə olunduğunu söyləmişdir. O, həmçinin cari ildə institutda 2 beynəlxalq konfrans və 1 elmi-praktiki konfrans, Elmi Şuranın 15 iclasının keçirildiyini də diqqətə çatdırmışdır. İnstitut alimləri tərəfindən 2 monoqrafiya, 7 kitab, 24 dərslik, 1 elmi və elmi kütləvi kitab, 2 konfrans materialları və tezisləri çap olmuşdur.
İnstitutun əməkdaşları tərəfindən müxtəlif jurnallarda 283 elmi məqalənin (95-i xaricdə) çap olunduğunu söyləyən alim hesabat ilində 1 doktorluq və 15 fəlsəfə doktoru dissertasiyasının müdafiə edildiyini vurğulamışdır. O, institut əməkdaşlarının Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Konsulluğunun 1, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun isə 12 qrantını aldıqlarını bildirmişdir.
2011-ci ildə RMİ MDB ölkələrinin və bir çox xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə qarşılıqlı elmi əlaqələrini daha da inkişaf etdirmişdir.