AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olmuşdur
Bakı, 12 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun su heyvanlarının parazitləri laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Asif Manafov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olmuşdur.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, Rusiya Federasiyasında parazitoloqlar üçün keçirilmiş “dəyirmi masa” da Asif Manafov “Azərbaycanın su hövzələrində Melanopsis pramorsa mollyuskunun trematod faunası” mövzusunda məruzə etmişdir.
Səfər zamanı əməkdaşımız Rusiya Parazitoloqlar Cəmiyyətinin prezidenti, professor K. Qalaktionov, Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Heyvanların Sistematikası və Ekologiyası İnstitutunun direktoru, professor V.Qlupov, Sankt-Peterburq Dövlət Universitetinin onurğasızlar zoologiyası kafedrasının müdiri, professor A.Qranoviç, A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin zoologiya kafedrasının müdiri, professor G.Atayev və digər alimlərlə görüşmüşdür.
Görüşlərdə müasir parazitoloji tədqiqatların inkişaf perspektivləri və yeni metodları barədə fikir mübadiləsi aparılmış, birgə əməkdaşlıq və qarşılıqlı təcrübə aparmaq üçün razılaşmalar əldə olunmuşdur.