AMEA Şərqşünaslıq İnstitutunun direktoru Böyük Britaniyada səfərdə olmuşdur
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva Böyük Britaniyanın London və Oksford şəhərlərində elmi ezamiyyətdə olmuşdur.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, səfər Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində həyata keçirilmişdir. Məqsəd Böyük Britaniyanın kitabxanalarında Azərbaycanın tarixi ərazisini təsdiq edən qədim xəritələrin axtarışı idi. G.Baxşəliyeva Britaniya Milli Kitabxanası, məşhur Oksford Kitabxanası və digər arxiv və kitabxanalarda axtarışlar aparmışdır.
Britaniya Milli Kitabxanası burada saxlanılan xəritələrin zənginliyinə görə dünyada ikinci yeri tutur və onun fondunda 4,5 milyona yaxın xəritə vardır. Dünyanın ən qədim kitabxanalarından biri olan Oksford Kitabxanası isə fondundakı materialların zənginliyinə görə Britaniya Milli Kitabxanası ilə rəqabət aparır.
G.Baxşəliyeva Böyük Britaniya kitabxanalarında Qafqaza, Kiçik Asiyaya, Yaxın və Orta Şərqə, Rusiyaya aid yüzlərlə xəritəni nəzərdən keçirmiş, onların arasında Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən bir sıra qədim xəritələri aşkar etmişdir. Xəritələrdən bir qisminin surətləri çıxardılmışdır. Digərlərinin isə surətlərinin elektron variantları sifariş edilmişdir və iki həftə ərzində sifarişçiyə çatdırılacaqdır.
G.Baxşəliyeva həmin kitabxanalarda saxlanılan qədim tarixi mənbələri və orta əsrlər çap kitablarını da nəzərdən keçirmiş, qədim Azərbaycana aid bir sıra sənədlərin, o cümlədən Albaniya və Atropatena dövlətləri haqqında materialların surətlərini çıxarmışdır. Bu materialların dilimizə tərcüməsi və tədqiqi xalqımızın qədim tarixinin gizli səhifələrinin açılmasına kömək edəcəkdir.
Alim kitabxanalarda ərəb, fars və türk əlyazmaları kataloqlarını da nəzərdən keçirərək, orada azərbaycanlı müəlliflərə və Azərbaycan tarixinə aid olduğu ehtimal edilən əlyazmaların şifrələrini götürmüşdür. Həmin əlyazmaların da sürətlərinin tədricən Azərbaycana gətirilməsi istiqamətində konkret addımlar atılacaqdır.
Toplanmış materiallar üzərində hazırda institutda elmi araşdırmalar aparılır və bu iş başa çatdıqdan sonra nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.