ELM VƏ TƏHSİL
AMEA yubileyə hazırlaşır
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə hazırlıq işləri yüksək səviyyədə aparılır. Noyabrda keçiriləcək yubiley tədbirləri Azərbaycan elminin təbliğinə, ölkə miqyasında elmimizin özünəməxsus yer tutmasına mühüm töhfə verəcək.
Bu fikirlər AMEA-nın 70 illik yubileyi üzrə işçi qrupunun iclasında səsləndirilib. Müşavirdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” dövlətimizin başçısının müvafiq Sərəncamını xatırladıb. Akademiyanın 70 ildə keçdiyi yolu əks etdirən videoçarxların, yubileylə bağlı film və nəşrlərin hazırlandığını söyləyib. Vurğulanıb ki, ümumilikdə Akademiyanın fəaliyyətindən və müxtəlif sahələrə verdiyi töhfələrdən, qazanılan uğur və nailiyyətlərdən bəhs edən sosial çarx artıq şəhərin mərkəzi küçələrindəki monitorlarda yayımlanır. Sərgidə nümayiş etdiriləcək müxtəlif nəşrlər, yeddi elmi bölmənin guşələri daxilində elmi müəssisələrin fəaliyyətini ehtiva edən videoçarxlar üzərində iş isə davam etdirilir.