SİYASƏT
Amerikada çıxan “The Economist” jurnalında Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun cavab şərhi dərc edilmişdir
Vaşinqton, 25 noyabr (AZƏRTAC). Amerikada çıxan “The Economist” jurnalında Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanovun məqaləsi dərc edilmişdir.
Səfirin məqaləsi bu il oktyabr ayında Azərbaycanda keçirilmiş prezident seçkiləri haqqında elə həmin jurnalda dərc edilmiş “Şübhəli gələcək” sərlövhəli kəskin tənqidi məqalənin müəllifinə cavabdır. Səfir cavab şərhində yazır ki, Azərbaycanda demokratik standartlar barəsində öhdəliklərə əməl edilir. Tamdəyərli demokratiya və inkişaf etmiş vətəndaş cəmiyyəti qurulması Azərbaycan hökumətinin strateji məqsədidir. Azərbaycan dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan bu məqsədə can atmış və müəyyən nəticələrə nail olmuşdur.
Azərbaycanın Böyük Britaniyadakı səfiri sonda yazır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinə baxmayaraq, çoxsaylı xarici müşahidə missiyalarının ümumi rəyi, o cümlədən Avropa Şurasının və Avropa Parlamentinin ilkin rəyi Azərbaycanda prezident seçkilərinin azad və ədalətli olduğunu təsdiqləmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton