CƏMİYYƏT
Aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
![Aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb](/files/2022/3/1200x630/1662989070408511456_1200x630.jpg)
Bakı, 12 sentyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 9-da respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, İsmayıllı, Qazax, Neftçala, Ağcabədi, Quba rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbirlər görülüb, 26 məntəqədə kəsim qurğuları sökülüb, 2 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar:
Qida Təhlükəsizliyi Agentliyi bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.