Aprel döyüşlərinin ildönümü ilə bağlı “Qələbəyə gedən yol” adlı tədbir keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Nəsimi Rayon İcra Hakimiyyətində 2016-cı ilin Aprel döyüşlərinin ildönümü ilə bağlı “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Tibb Universitetinin hərbi-tibb fakültəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, rayon məktəblərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, Aprel döyüşləri şəhidlərinin ailə üzvləri, həmin döyüşlərin iştirakçıları, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət bayrağı zala gətirildikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və müstəqil Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Dövlət nəfəsli alətlər orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Nəsimi rayonunun 8, 23 və 42 nömrəli tam orta məktəblərinin yuxarı sinif şagirdləri əllərində Aprel döyüşləri şəhidlərinin şəkilləri ilə zala daxil olaraq Vətənimizə və torpağımıza sədaqət andı içiblər.
Sonra Azərbaycan Silahlı Qüvvələrinin güc və rəşadətindən bəhs edən videoçarx nümayiş olunub.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd olunub ki, Aprel döyüşlərində əldə etdiyimiz qələbədə vətənpərvərlik tərbiyəsinin rolu danılmazdır. Qazanılmış bu qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, əhval-ruhiyə sərgiləməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Azərbaycan Milli Ordusu Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyi, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi, qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrini erməni silahlı qüvvələrindən tam azad etdi. Əminliklə bildirib ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaq.
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin rəisi-tibb polkovniki, Əməkdar həkim Çingiz Əlləzov Azərbaycan Silahlı Qüvvələrinin Vətənimizin torpaqlarının müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışıb. Qeyd edib ki, Aprel döyüşlərində də Silahlı Qüvvələrimizin əsgər və zabitləri torpaqlarımızın müdafiəsi üçün qəhrəmanlıqlar göstəriblər. Azərbaycan Ordusunun gücü və qüdrətini xüsusi qeyd edən natiq işğal altında olan torpaqlarımızın tezliklə qaytarılacağına əminliyini bildirib.
Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Tədbirdə Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırlanmış “Azərbaycan əsgəri” mahnısı və klipi tamaşaçılara təqdim olunub.