APRELİN 10-DA “PALMALİ” ŞİRKƏTLƏR QRUPU 2 MÜASİR VƏ BUZADAVAMLI GƏMİ ALMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 10-da “PALMALİ” Şirkətlər Qrupu “LukOil” neft şirkətindən aldığı dedveyti 19.800 ton olan buzadavamlı “Bozdağ” (əvvəlki adı “Saratov”) və “Qinaldağ” (əvvəlki adı “Usinsk”) gəmilərinin alqı-satqı prosedurunu başa çatdırmışdır.
“PALMALİ” Şirkətlər Qrupunun Bakı ofisinin mətbuat xidmətindən bildirmişlər ki, bu alqı-satqının dəyəri 70 milyon ABŞ dolları təşkil etmişdir.
2002-ci ildə Rusiya Dənizçilik Registrinin nəzarəti altında Sankt-Peterburq şəhərindəki “Admiral Tərsanələri”ndə inşa olunmuş tankerlər unikal avadanlıqlarla təchiz olunmuşdur. Gəmilərin burun hissəsində quraşdırılan yükləmə-boşaltma avadanlığı tankerin yüklənib boşaldılmasını həm limanda, həm də üzən yükləmə-boşaltma qovşağında aparmağa imkan verir. Gəmilərin gövdəsinin xüsusiyyətləri, əsas mühərrikinin gücü və müasir naviqasiya avadanlığı bu tankerləri adi neft tankerlərinin istismarı mümkün olmayan çətin buzlu şəraitə malik şimal dənizlərində təhlükəsiz istismar etməyə imkan verir.
Bununla yanaşı, “PALMALİ” şirkəti Avropanın məhşur treydinq şirkətlərindən biri olan “Litasko” ilə daşımaların təşkili üzrə müqavilə imzalamaqla, yeni alınmış tankerlər üçün yük bazasını da yaratmışdır.
Murmansk limanında təhvil alınmış “Bozdağ” və ”Qinaldağ” tankerlərinin uzunluğu 149,2 metr, eni 24,59 metr, göyərtəsinin hündürlüyü 13,4 metr, əsas mühərrikinin gücü isə 8.300 kVt-dır.