İyirmi dörd federasiyanın nümayəndələri təhlükəsiz idman proqramına cəlb olunublar
Bakı, 5 iyun, AZƏRTAC
Milli Olimpiya Komitəsində (MOK) “Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı” keçirilib.
AZƏRTAC xəbər verir ki, 24 federasiyadan nümayəndələrin iştirak etdiyi tədbirdə təhlükəsiz idman mühitinin formalaşdırılması, idmançıların müdafiəsi və rifahının təmin edilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.
Tədbir çərçivəsində federasiyalarda Təhlükəsiz İdman üzrə Məsul Şəxsin (TİMŞ) vəzifə və öhdəlikləri barədə təqdimat edilib. Bildirilib ki, TİMŞ idmançıların müdafiəsi və təhlükəsizliyi ilə bağlı narahatlıqların müzakirəsi üçün mütəmadi görüşlər keçirməli, müdafiə mexanizmlərinin və müvafiq siyasətlərin bütün iştirakçılar üçün əlçatan və anlaşılan formada olmasını təmin etməlidir.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə diqqətə çatdırıb ki, Milli Olimpiya Komitəsi təhlükəsiz idman məsələlərinə uzun illərdir xüsusi diqqət yetirir. O qeyd edib ki, bu istiqamətdə müxtəlif təlim və seminarlar təşkil edilir, beynəlxalq təcrübə öyrənilir və federasiyalara metodiki dəstək göstərilir. MOK rəsmisinin sözlərinə görə, gələcəkdə hər bir federasiyada təhlükəsiz idman üzrə məsul şəxsin fəaliyyət göstərməsi nəzərdə tutulur və həmin şəxslər federasiya daxilində təhlükəsiz idmanla bağlı məsələlərin koordinasiyasını həyata keçirəcək, idmançıların hüquq və təhlükəsizliyinin qorunmasına dəstək verəcəklər.
Təqdimatda, həmçinin idman mühitində yarana biləcək yeni təhdidlərə, o cümlədən rəqəmsal və onlayn zorakılıq, kiberbullinq və digər təhlükələrə qarşı mübarizə məsələlərinə toxunulub. Federasiya nümayəndələrinə bu sahədə beynəlxalq təcrübə, qanunvericilik və təhlükəsizliyin təmin olunmasına dair müasir yanaşmalar barədə məlumat verilib.
Tədbirin məqsədinin idman federasiyalarında təhlükəsiz, inklüziv və sağlam mühitin yaradılmasına dəstək vermək, eləcə də uşaqların və gənc idmançıların hüquqlarının daha etibarlı şəkildə qorunmasını təmin etmək olduğu vurğulanıb.