Aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günüdür
Bakı, 28 aprel, AZƏRTAC
2003-cü ildən aprelin 28-i Ümumdünya Əməyin Mühafizəsi Günü kimi qeyd edilir. 1989-cu ildən Amerika və Kanadada həmin gün əmək kollektivlərinin bədbəxt hadisə nəticəsində həlak olan işçilərlə əlaqədar anım günü olub. Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsünə əsasən, həmin günün qeyd edilməsi işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, BƏT-in məlumatına əsasən dünyada hər il 337 milyon istehsalatla əlaqəli bədbəxt hadisə baş verir və bu hadisələrdə təxminən 2 milyon nəfərdən çox işçi dünyasını dəyişir, 317 milyon nəfər isə peşə xəstəliklərindən əziyyət çəkir, nəticədə dünya iqtisadiyyatı ümumdaxili məhsulun 4 faizi qədər itkiyə məruz qalır.
Ölkəmizdə hər il Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir. Bu sahədə ölkəmiz siyasətini mütərəqqi beynəlxalq standartlara uyğun qurur və ötən dövrdə Azərbaycan BƏT-in əsas işçi hüquqları ilə əlaqədar 57, o cümlədən əməyin mühafizəsi ilə əlaqədar 21 Konvensiyasını ratifikasiya edib. Həmin Təşkilatla əməkdaşlıqda layiqli əmək konsepsiyasının həyata keçirilməsi sahəsində kompleks tədbirlərin həyata keçirildiyi Azərbaycanın ötən il BƏT-in Rəhbər Orqanına üzv seçilməsi də ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan məqsədyönlü siyasətə beynəlxalq səviyyədə yüksək dəyər verilməsinin əyani təzahürüdür.
Bu il Ümumdünya Əməyin Mühafizəsi Gününün mövzusu “Əməyin mühafizəsi: xüsusən həssas təbəqə-gənc işçilərdir” kimi müəyyən olunub. BƏT-in rəsmi saytında verilən statistikaya əsasən dünya üzrə işçilərin 541 milyon nəfərinin məhz 15-24 yaşlarında olan gənclərdən ibarət olduğu və dünya üzrə işçi qüvvəsinin 15 faizini təşkil etdiyi və onların müəyyən bir hissəsinin təhlükəli əmək şəraitində çalışdığı bildirilir. Bu isə gənc işçilərin əməyinin mühafizəsini qlobal səviyyədə aktuallaşdırır.
Qeyd edək ki, Azərbaycanın əmək qanunvericiliyində işə qəbul üçün minimum yaş həddi 15 yaş müəyyən edilməklə, 15 yaşından 18 yaşınadək olan işçilər üçün bir sıra əlavə təminatlar, eyni zamanda, onların əməyindən istifadənin xüsusiyyətləri əksini tapıb. Əsas prinsiplərdən biri kimi, həmin yaş qrupundan olan işçilərin, yəni gənclərin əmək şəraiti ağır, zərərli olan iş yerləri, tunel, şaxta və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində onların əməyinin tətbiq edilməsi qadağan edilir. Yaşı 18-dən az olan işçilər üçün konkret normalar müəyyən edilir və həmin normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə onların cəlb edilməsi qadağandır.