AQRAR SAHƏDƏ AZƏRBAYCAN-İSRAİL ƏLAQƏLƏRİ GENİŞLƏNİR
AZƏRTAC xəbər verir ki, mayın 16-da kənd təsərrüfatı naziri İsmət Abasov ölkəmizdə səfərdə olan İsrail dövlətinin kənd təsərrüfatı və kənd rayonlarının inkişafı naziri Şalom Simhonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdən əvvəl qonaqlar Fəxri xiyabanda olmuş, ulu öndər Heydər Əliyevin məzarı üzərinə əklil qoymuşlar. Onlar buradan Şəhidlər xiyabanına gəlmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının məzarı üzərinə güllər düzmüşlər.
İsmət Abasov qonaqları səmimi salamlayaraq əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatların uğurları barədə ətraflı məlumat verərək, bu islahatların daha da dərinləşməsi məqsədi ilə ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun, o cümlədən regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdiyini nəzərə çatdırmışdır.
Azərbaycan-İsrail dostluq əlaqələrindən danışan İ.Abasov Azərbaycan Respublikası ilə İsrail dövləti arasında aqrar sahədə elmi-texniki əməkdaşlığın 2002-ci ilin əvvəlində başladığını bildirmişdir. Məlumat vermişdir ki, İsrailin Kənd Təsərrüfatı və Kənd Rayonlarının İnkişafı Nazirliyinin, kənd təsərrüfatının inkişafı üzrə Beynəlxalq Əməkdaşlıq Mərkəzinin (CİNADO) və İsrailin Xarici İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin (MASHAV) təşəbbüsü ilə keçirilmiş seminarlarda, təlim kurslarında nazirliyin mütəxəssisləri və Azərbaycan sahibkarları iştirak etmiş, İsrail mütəxəssislərinin iştirakı ilə Quba, Qusar və Xaçmaz rayonları üçün meyvəçiliyin və heyvandarlığın inkişafı üzrə Proqram hazırlanmışdır. Hökumətin əlaqədar qurumlarının iştirakı ilə təqdimat keçirilmiş, Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda pilot istixananın yaradılması üzrə layihə təklifi hazırlanaraq İsrail səfirliyinə təqdim olunmuşdur.
İ.Abasov keçirilən görüşün hər iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələ olacağını, ekoloji cəhətdən təmiz meyvə-tərəvəz və bostan məhsulları istehsalı, tullantısız texnologiyanın tətbiqi, meyvə şirələri, meyvə-tərəvəz məhsulları konservlərinin müştərək istehsalı, kənd təsərrüfatı bitkilərinin sertifikatları, toxumçuluğu və tingçiliyi üzrə birgə müəssisənin yaradılması, örtülü sahədə tərəvəz yetişdirilməsi, baytarlıq və fitosanitariya xidmətləri kimi prioritet sahələrdə əməkdaşlıq əlaqələrinin yaradılması imkanlarının mövcudluğunu vurğulamışdır.
Şalom Simphon səmimi qəbula və ətraflı məlumata görə təşəkkürünü bildirmiş, Azərbaycanın regionda ən inkişaf etmiş bir dövlət olduğunu qeyd etmişdir.
O, prioritet istiqamətlər üzrə Proqramın hazırlanmasında Azərbaycan və İsrail mütəxəssislərindən ibarət birgə qrupun yaradılmasını məqsədəuyğun saymışdır. Qonağın fikrincə, bu sahələr, əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, istixana şəraitində meyvə-tərəvəzin yetişdirilməsi, heyvandarlıq sahəsinin inkişafı, buğda sortlarının yetişdirilməsi, toxumçuluq, emal olunmuş kənd təsərrüfatı məhsullarının satışı, baytarlıq və fitosanitariya sahələrini əhatə edir.