Araz çayının İmişlidən keçən hissəsində yerləşən karxanalarda monitorinq aparılıb VİDEO
İmişli, 16 mart, Aydın Yavərzadə, AZƏRTAC
Bərpası mümkün olmayan faydalı qazıntı materiallarının hasilatının, gələcəkdə su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ekoloji tarazlığın pozulmasına səbəb ola biləcək amillərin qarşısının alınması məqsədilə Araz çayı boyunca monitorinq aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə İmişli rayonunda çay məcralarında yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin növbəti monitorinqi keçirilib.
Agentliyin Geoloji Ekspertiza və Reyestr şöbəsinin aparıcı mütəxəssisi, geoloq Sadiq Əmiraslanov jurnalistlərə açıqlamasında deyib: “İmişli rayonunda yerləşən “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarının ərazilərində keçirilən yoxlamalar nəticəsində məlum olub ki, yerin təkindən istismar qaydalarına riayət olunmaması nəticəsində Araz çayının məcrası dəyişib, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşüb, həmçinin minerallaşma dərəcəsi də dəyişib. Karxanaların fəaliyyəti nəticəsində Araz çayının yeni məcrasında çayın sağ və sol kənarlarında “oyuq”lar əmələ gəlib, çayın müasir məcrasından kənarda isə göllər və axmazlar yaranıb. Açıq səthə malik olan yeraltı sulardan buxarlanma baş verdiyinə görə həmin sular yüksək minerallaşma dərəcəsinə malikdir. “Bəhrəmtəpə-2” qum-çınqıl yatağının ərazisində karxana fəaliyyəti nəticəsində dərinliyi 22 metrə qədər olan göllər əmələ gəlib. Həmçinin göllərdə su səviyyəsinin aşağı düşməsi ilə qum-çınqıl yatağının ətrafındakı ərazilərdə qrunt sularının səviyyəsinin aşağı düşməsi və kimyəvi tərkibində neqativ dəyişiklik baş verib”.
Agentliyin İdarə heyətinin sədr müavini Azər Şükürov bildirib ki, Araz çayının müasir və qədim məcrasının olduğu ərazilərdə karxana fəaliyyəti zamanı əmələ gəlmiş çuxurlar, gölməçə və göllərin uyğun litoloji tərkibə malik materiallarla rekultivasiya olunması məqsədəuyğun hesab edilir. Çayın müasir məcrasından kənarda bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılması gələcəkdə bu zona üçün su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ətraf ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.
Monitorinq şöbəsinin müdiri Zaur Səidi öz növbəsində fəaliyyəti istismar qaydalarına uyğun olmayan karxanalar barəsində görülən tədbirlər haqqında danışaraq deyib ki, sözügedən ərazidə hələ 2020-ci ildə işində nöqsanlar aşkar olunan karxanaların fəaliyyəti dayandırılıb. 2021-ci ildə isə istismara icazə şərtlərini pozan karxanaların dağ-mədən aktları ləğv olunub və hasilat işləri qadağan edilib. Yataqayırma hüdudundan kənarda aparılan hasilat işləri ilə bağlı iddialar qaldırılıb.