İQTİSADİYYAT
ARDNŞ Almaniyada nanotexnologiyalar sahəsində Anlaşma Memorandumu imzalamışdır
Bakı, 9 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Almaniyanın Şimali Reyn Vestfaliya federal vilayətinin İqtisadi İnkişaf Agentliyi - NRW.İNWEST GmbH və Nano-mikrotexnologiyalar yeni materiallar klasteri - NanoMikro+Werkstoffe.NRW arasında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumu ARDNŞ tərəfindən şirkətin prezidenti Rövnəq Abdullayev imzalamışdır.
Memorandumda Almaniyanın Şimali Reyn Vestfaliya vilayətinin ərazisində “Nanotexnologiyalar” Elmi-İstehsalat Mərkəzinin elmi-tədqiqat bölməsinin yaradılması, ARDNŞ-in iştirakı ilə birgə layihələrin maliyyə, texniki və hüquqi əsaslandırılması, nanotexnoloji sistemlərin istehsalı üçün ərazinin müəyyən edilməsi, tədqiqatı və transferi nəzərdə tutulmuşdur. Tərəflər arasında əməkdaşlıq Avropa İttifaqı (Aİ) və digər ölkələrə nanotexnoloji sistemlərin satışının təşkili və satış bazarının öyrənilməsi şərtləri əsasında həyata keçiriləcəkdir.
Sənəddə Aİ ölkələrində ARDNŞ-in nanotexnologiyalar üzərində əqli mülkiyyət hüquqlarının qorunması, patentləşdirilməsi üçün zəruri olan müvafiq hüquqi və texniki sənədlərin hazırlanması və Aİ ölkələrinin qanunvericiliyinin tələblərinə uyğunlaşdırılaraq birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.