CƏMİYYƏT
Arif Heydərov adına Respublika Hospitalının 50 illik yubileyinə həsr olunmuş “Tibbin müasir nailiyyətləri” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir
Bakı, 7 iyun (AZƏRTAC). İyunun 7-də Daxili İşlər Nazirliyinin (DİN) “Xəzri” Sağlamlıq və İstirahət Mərkəzində Arif Heydərov adına Respublika Hospitalının 50 illik yubileyinə həsr olunmuş “Tibbin müasir nailiyyətləri” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hospitalın rəisi, tibb xidməti polkovniki, respublikanın Əməkdar Həkimi Ramiz Əkbərov tədbiri giriş sözü ilə açaraq bu səhiyyə ocağının yaranma tarixi və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat vermişdir. O, ölkə və DİN rəhbərliyinin diqqət və qayğısı nəticəsində burada bir çox yeniliklərin həyata keçirildiyini, 21 şöbənin, 2 mərkəzin, 1 bölmənin, 3 yardımçı xidmət sahəsinin fəaliyyət göstərdiyini və 100-dən çox həkimin daxili işlər orqanları əməkdaşlarının sağlamlıqları keşiyində durduğunu xatırlatmışdır.
Hospitalda kadrlarla mütəmadi iş aparıldığı, maddi-texniki bazanın daha da möhkəmləndirildiyi, 30-a yaxın əməkdaşın Türkiyədə, Rusiya Federasiyasında, Avstriyada, Macarıstanda və digər ölkələrdə təcrübə keçdiyi diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, bu gün hospitalda 2 tibb elmləri doktoru, 11 tibb üzrə fəlsəfə doktoru, 1 doktorant, 9 dissertant, 20 ali dərəcəli həkim, 25 ali dərəcəli tibb bacısı öz peşə borclarını layiqincə yerinə yetirirlər. Əldə etdikləri uğurlara görə 4 əməkdaşa Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Həkim” fəxri adı verilmişdir.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov çıxış edərək Beynəlxalq konfransın işinə uğurlar arzulamışdır.
İstənilən dövlətin iqtisadi potensialının və qüdrətinin həm də səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçüldüyünü vurğulayan nazir müavini ölkəmizdə ardıcıl surətdə reallaşdırılan islahatların Daxili İşlər Nazirliyindən də yan keçmədiyini, tabelikdəki müalicə və profilaktika müəssisələrində hər bir əməkdaşın, onların ailə üzvlərinin, mülki işçilərin və təqaüdçülərin sağlamlığının qorunması, kompleks müalicəsi üçün stasionar və digər zəruri tədbirlər həyata keçirildiyini xatırlatmış, aparılacaq müzakirələrin və irəli sürüləcək təkliflərin tibbi xidmətin keyfiyyətinin daha da artırılmasına müsbət təsir göstərəcəyinə, eyni zamanda, qarşılıqlı əlaqələrin möhkəmlənməsinə təkan verəcəyinə əminliyini bildirmişdir.
Daha sonra Türkiyə və Rusiyadan gələn qonaqların məruzələri dinlənilmişdir.
Arif Heydərov adına Respublika Hospitalının ayrı-ayrı əməkdaşlarının çıxışları da maraqla qarşılanmışdır.