CƏMİYYƏT
Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı olub
![](/files/galleryphoto/2024/2/1200x630/1719929926741721450_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719929926108717452_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719929926380959176_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199299261485422216_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199299262216149616_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719929926950728784_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199299262000213235_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199299263778048997_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199299264737156958_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17199299263648515734_1200x630.jpg)
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də ölkəmizdəki Atatürk Mərkəzində siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, elm adamları, ölkəmizdə yaşayan yəhudi fəalları iştirak ediblər.
Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov tədbiri açaraq ölkəmizdə yaşayan yəhudilərin Azərbaycanın tolerantlıq imkanlarını ən yüksək səviyyədə nümayiş etdirdiklərini diqqətə çatdırıb. Vaqif Abdullayevin çapdan çıxan növbəti nəşri haqqında danışan Atatürk Mərkəzinin direktoru kitabın həm Azərbaycan, həm də yəhudi dillərində çap olunduğunu bildirib. Azərbaycan-İsrail münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu qeyd edən N.Cəfərov əlaqələrimizin tarixi köklərinə nəzər salıb. O, həmçinin müəllifin kitablarında azərbaycançılıq ideyasının, Azərbaycan həqiqətlərinin özünü qabarıq şəkildə büruzə verdiyini diqqətə çatdırıb.
Azərbaycanın din və dövlətin harmoniyasını yaradan nadir ölkələrdən olduğunu vurğulayan Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin bildirib: “Məhz bunun nəticəsidir ki, Azərbaycanda 40-a yaxın xalq birlikdə dinc və yanaşı yaşayır. Azərbaycan nəinki regionda, bütün dünyada öz imzası olan ölkədir və tolerantlığı, multikulturalizmi ilə nümunədir”.
O, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünyada daha geniş şəkildə tanıdılmasının vacibliyini diqqətə çatdırıb.
Kitabın müəllifi, siyasi elmlər doktoru, professor Vaqif Abdullayev ölkələrimiz arasındakı münasibətlərə nəzər salıb. Vurğulayıb ki, Azərbaycan-İsrail müttəfiqliyi xalqlarımızın möhkəm dostluğuna əsaslanır. Dostluq olmayan yerdə müttəfiqlik də mümkün deyil. Azərbaycan-İsrail dövlətləri arasında da müttəfiqlik xalqlarımızın möhkəm dostluğuna əsaslanır.
İsrail dövlətinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edən V.Abdullayev ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirib.
O, Qəzzada tezliklə sülhün bərqərar olunmasını arzulayıb.
Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri, BMT-nin sülh səfiri, “Şöhrət” ordenli Larisa Reyxrudel, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, tanınmış jurnalist Faiq Hüsiyev və “Dostumuz, müttəfiqimiz” adlı kitabının redaktoru Moisey Bekker Azərbaycan ilə İsrail arasında sıx dostluq münasibətlərindən danışıb, kitabla bağlı fikirlərini bölüşüblər.