MƏDƏNİYYƏT
Arxeoloji tapıntı Ağsu şəhərinin tarixi barədə yeni bilgilər verir
Ağsu, 12 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafıya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası tərəfindən rayon sakinlərinin şifahi məlumatına əsasən, Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki türbə yerinə baxış keçirilmiş və burada kəşfiyyat xarkterli ilkin arxeoloji qazıntılar aparılmışdır.
Nəticədə səliqə ilə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla qiblə istiqamətində tikilən düzbucaqlı formada binanın bünövrə hissəsi aşkara çıxarılmışdır. Bina təqribən 400 kvadratmetrə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçik ölçülü çoxsaylı otaq-hücrələrdən ibarətdir.
Ekspedisiyanın rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev AZƏRTAC-a bildirmişdir ki, ərazidə aparılan ilkin kəşfiyyat axtarışları zamanı aşkar edilmiş tapıntılar içərisində həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir. Memarlıq xüsusiyyətləri etibarilə, xüsusən də, qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq-hücrələrin mövcudluğu aşkar edilən binanın daha şox məscid olması ehtimalını artırır.
Azərbaycanı Öyrənən və Tədqiq edən cəmiyyətin əməkdaşı Cəmil Aleksandroviç-Nasifin 1926-cı ilə aid məlumatında Ağsuda Şamaxı Cümə məscidi kimi möhtəşəm və tamamilə ona bənzər məscidin olduğunu bildirmişdir. Nasifinin qeydlərində, habelə Şıxməzid türbəsi haqqında da məlumat verilir. Rayonun yaşlı sakinlərinin dediklərinə görə, Şıxməzid məscidi və türbəsi 1930-cu ildə sovet rejimi tərəfindən həyata keçirilən “mədəni inqilab” tədbirləri çərçivəsində dağıdılmışdır.
İlkin tədqiqatlar zamanı tapılmış müxtəlif çeşidli maddi-mədəniyyət nümunələri, o cümlədən Şirvanşah Qazi bəy və I Təhmasibin hakimiyyəti illərində Şamaxıda zərb olunmuş sikkələr Ağsu şəhərindəki Şıxməzid məhəlləsindəki məscidin XVI əsrin ortalarından etibarən intensiv istifadə olunduğunu deməyə əsas verir.