SİYASƏT
ASALA Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərini və bir sıra beynəlxalq media qurumlarını növbəti dəfə terrorla hədələmişdir
Bakı, 13 sentyabr (AZƏRTAC). Erməni “Nor ASALA” (Yeni ASALA) terror təşkilatı sentyabrın 12-də Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və bir sıra beynəlxalq media qurumlarına təhdid məktubları göndərmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın xarici ölkələrdəki bir sıra səfirliklərinə, o cümlədən Macarıstandakı diplomatik nümayəndəliyimizə göndərilmiş məktublarda əməkdaşlara qarşı terror hədələri yer almışdır. Məktubların surətləri beynəlxalq kütləvi informasiya vasitələrinə, o cümlədən Böyük Britaniyanın nüfuzlu “Guardian” qəzetinin redaksiyasına göndərilmişdir.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev faktla bağlı sentyabrın 13-də jurnalistlərə verdiyi açıqlamada bildirmişdir ki, erməni tərəfinin növbəti dəfə göndərdiyi bu məktublar Azərbaycana və Türkiyəyə qarşı yönəlmiş terror aksiyasıdır. Terrora qarşı mübarizədə Azərbaycanın ən fəal şəkildə mübarizə apardığı bir vaxtda dövlətçiliyimizə qarşı edilən bu təhdidlərə beynəlxalq ictimaiyyət cavabsız qalmamalıdır.
XİN-in rəsmisi qeyd etmişdir ki, Ermənistan rəhbərliyinin təhriki ilə meydana çıxan bu terror təhdidləri təkcə Azərbaycana qarşı deyil, terror ilə mübarizə aparan bütün ölkələrə qarşı ünvanlanmışdır.
Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək üçün həmin ölkələr ilə əlaqələndirilmiş şəkildə işlərin davam edəcəyini deyən E.Abdullyaev vurğulamışdır ki, Ermənistan terrora üstünlük verir. Azərbaycan tərəfi isə üstünlüyü bu bəlaya qarşı mübarizəyə verir.