DÜNYA
ASEAN ölkələri, Yaponiya, Çin və Koreya Respublikasının liderləri fövqəladə videosammit keçiriblər
Tokio, 15 aprel, AZƏRTAC
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan ölkələrin, Yaponiya, Çin və Koreya Respublikasının liderləri COVID-19 pandemiyasına qarşı birgə mübarizə ilə əlaqədar fövqəladə videosammit keçiriblər.
AZƏRTAC xəbər verir ki, videosammitdən sonra jurnalistlərlə görüşən Yaponiyanın Baş Naziri Şinzo Abe iclasda iştirakçıların koronavirusla mübarizə məqsədilə tibbi məhsulların birgə bölünməsi barədə razılıq əldə etdiklərini bildirib. Əlavə edib ki, iştirakçılar virusa qarşı dərmanın qısa müddətdə hazırlanması üçün səylərin birləşdirilməsi barədə də razılığa gəliblər.
Ş.Abe bildirib ki, Yaponiya koronavirusla mübarizə aparan tibbi heyətin istifadə etdiyi fərdi mühafizə vasitələri və digər avadanlıqlarla təchizat məsələlərində ASEAN ölkələrindən əhəmiyyətli dərəcədə asılıdır.
Baş Nazir qeyd edib ki, sammit zamanı o, indiki böhran şəraitində lazımi avadanlığın sabit şəkildə təminatının zəruriliyini iştirakçıların diqqətinə çatdırıb.
Ş.Abe, həmçinin hər hansı bir ölkənin koronavirusa qarşı mübarizənin öhdəsindən təklikdə gəlməsinin qeyri-mümkünlüyünü vurğulayaraq, iştirakçıları regionda virusa qarşı tədbirlərin gücləndirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı genişləndirməyə çağırıb. Bu məsələdə region dövlətləri liderlərinin birliyinə nail olunub.
Eyni zamanda, Baş Nazir sammit zamanı regionda virus barədə məlumatların azad və sürətli şəkildə mübadiləsi barədə razılığın əldə olunduğunu da bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio