Aşqabadda multimodal daşımaların regional əlaqələndirilməsi məsələləri müzakirə edilir
Bakı, 24 aprel, AZƏRTAC
Aşqabadda Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələrinin növbəti iclası başlanıb. AZƏRTAC Türkmənistanın dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, iclasda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın müvafiq nazirlik və idarələrinin rəhbərləri və aparıcı mütəxəssisləri iştirak edirlər.
Müşavirədə qeyd edilib ki, milli iqtisadiyyatların artımında mühüm amil olan nəqliyyat sahəsi dostluq və mehriban qonşuluq, bir-birinin mənafelərinə hörmət ruhunda əməkdaşlıq edən Xəzər regionu ölkələri arasında konstruktiv və səmərəli münasibətlərin formalaşmasında mühüm əlaqələndirici halqa rolu oynayır. Bu dövlətlərin Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqedə yerləşməsi tranzit daşımalar, logistika xidmətləri göstərilməsi sahəsində böyük imkanlar yaradır.
Bu gün Xəzəryanı ölkələrin hər biri dəniz, avtomobil, dəmir yol və aviasiya nəqliyyatı ilə sərnişin və yük daşınmasının müasir infrastrukturunun yaradılması ilə bağlı iri investisiya layihələri həyata keçirir. Belə layihələrə nümunə kimi, Türkmənbaşı şəhərində tikilməkdə olan, tezliklə istifadəyə veriləcək beynəlxalq limanı göstərmək olar. Mövcud qitələrarası marşrutların daha da fəallaşdırılması və Xəzərdən keçən yeni beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması qonşu dövlətlərin bundan sonra da dinamik sosial-iqtisadi inkişafı üçün şərait yaradacaq, onların investisiya cəlbediciliyini artırmağa imkan verəcək, regional və regionlararası ticari-iqtisadi, mədəni-humanitar və turizm əlaqələrinin möhkəmlənməsinə kömək edəcək.
İclas iştirakçıları regional multimodal daşımaların əlaqələndirilməsi ilə bağlı geniş əhatəli məsələləri müzakirə ediblər. Məqsəd bu daşımaların bir-birini qarşılıqlı tamamlanmasını, yüksək rəqabət qabiliyyətini təmin etmək, nəqliyyatın müxtəlif növlərinin qarşılıqlı fəaliyyəti üçün texnoloji sxemlər hazırlamaq, habelə gömrük qanunvericiliyini, tarif siyasətini sınxronlaşdırmaq, tranzit yüklərin sənədləşdirilməsi prosedurlarını sadələşdirməkdir.