ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutunda fundamental və tətbiqi əhəmiyyətli elmi işlərin sayı artıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunun elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda laboratoriyalar üzrə hesabatlara yekun vurulub. İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, əməkdaşlar tərəfindən aparılmış fundamental və tətbiqi işlərin həm keyfiyyəti, həm də miqdarı artıb. O, dünya elminə inteqrasiya, yüksəkixtisaslı və magistr kadr hazırlığı, istərsə də yüksək impakt faktorlu nüfuzlu jurnallarda məqalə çapı baxımından budəfəki hesabat ilinin institut həyatında məhsuldar olduğunu diqqətə çatdırıb: “Hazırda institut tərəfindən real iqtisadiyyata tətbiq olunan patent əsasında regenerasiya olunmuş yağların təkrar istifadəsi ilə bağlı AMEA-nın Yüksək Texnologiyalar Parkında texnoloji qurğunun hazırlığı başa çatmaq üzrədir. Bu, ölkə iqtisadiyyatına töhfə olmaqla, alim əməyinin məhsula çevrilməsinə səbəb olacaq”.
Vaqif Fərzəliyev institutun beynəlxalq əlaqələrinin də daha da inkişaf etdiyini, müştərək beynəlxalq tədqiqatların genişləndiyini, hazırda bir çox ölkələrin Aşqarlar Kimyası İnstitutunda aparılan tədqiqatlara maraq göstərdiyini və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib.
Akademik görülən işləri qənaətbəxş hesab etsə də, fundamental nəzəri-təcrübi və tətbiqi tədqiqatların bundan sonra da genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonra kimya elmləri doktoru Əli Kazımzadə, professorlar Sabir Məmmədov, Həqiqət Cavadova və Pərvin Məmmədova, dosent Əfsun Sucayev çıxış edərək institutda görülən əhəmiyyətli işlərdən danışıblar, rəy və təkliflərini bildiriblər.