«ASTARA AZƏRBAYCANIN CƏNUBUNDA DÖVLƏTÇİLİYİN SÜTUNLARINDAN BİRİDİR»
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin vaxtilə söylədiyi bu fikir böyük öndərin anadan olmasının 85 illiyi ərəfəsində ötən əsrin 50, 60, 70, 80 və 90-cı illərində rayona səfərləri zamanı onunla görüşmüş, Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət təltiflərinə layiq görülmüş astaralıların iştirakı ilə keçirilən toplantıda səslənmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar rayonda həyata keçirilən tədbirlərdən danışmış, böyük öndərin Astaraya tarixi səfərlərinin rayonun iqtisadi, siyasi və mədəni həyatında böyük rol oynadığını bildirmişdir.
İcra hakimiyyəti başçısının müavini Natiq İbadov «Heydər Əliyev Astaranın həyatında» mövzusunda məruzə ilə çıxış etmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin Astara rayonuna 10 dəfə səfər etdiyini vurğulayan natiq, onun Astara və astaralılar haqqında söylədiyi «Astara Azərbaycanın cənubunda dövlətçiliyin sütunlarından biridir, astaralılar bu sütunun etibarlı keşikçiləridir, dövlətçiliyə sədaqətlidirlər» fikirlərini xatırlatmış, rayon sakinlərinin böyük rəhbərin xatirəsini daim əziz tutduğunu, Heydər Əliyev parkının və muzeyinin tikildiyini, şəhərin ən iri meydanında onun möhtəşəm abidəsinin ucaldıldığını, mərkəzi prospektə adının verildiyini bildirmişdir.
Toplantıda çıxış edənlər Heydər Əliyevlə görüşlərindən danışmış, onunla bağlı xoş xatirələrini bölüşmüş, astaralıların böyük öndərin ideyalarına həmişə sədaqətli olduğunu vurğulamış, bu ilin payızında ölkəmizdə keçiriləcək Prezident seçkilərində ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklərini bəyan etmişlər.