REGİONLAR
Astarada “Nəsimi ili” çərçivəsində keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Astara, 24 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 24-də Astara şəhərindəki Gənclər Evində Rayon Gənclər və İdman İdarəsi, Astara Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “Məndə sığar iki cahan...” mövzusunda yeniyetmələr və gənclər arasında rəsm müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin açılış mərasimində Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, Astara Rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyev çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan etməsi barədə Sərəncamına və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq keçirilən müsabiqənin məqsədi Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin yaradıcılığına diqqətin artırılması və 650 illik yubileyinin qeyd olunması, filosof şairin kamil insan və kamil cəmiyyətin formalaşması barədə ideyaların təbliği, istedadlı gənc rəssamların aşkar edilməsi, yeniyetmə gənclərin asudə vaxtlarının səmərəli təşkili, Azərbaycanın milli-mənəvi dəyərlərinin nümayiş etdirmələrinə şərait yaratmaqdır.
Rəsm müsabiqəsində rayonun ümumtəhsil məktəblərini, Astara Pedaqoji Kollecini, Astara Rayon Dövlət Rəsm Qalereyasını təmsil edən 27 nəfər yeniyetmə və gəncin əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqədə Sərək kənd tam orta məktəbinin VII sinif şagirdi Aysun Cümşüdova birinci, Astara şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Nuranə Hüseynzadə ikinci, Astara Pedaqoji Kollecinin birinci kurs tələbəsi Xəyalə Əskərova üçüncü yerə layiq görülüblər.
Qaliblərə və müsabiqədə fərqlənənlərə Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.