Astarada qazıntı aparılan ərazidə 15 ədəd partlamamış hərbi sursat aşkarlanıb
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da saat 00:14-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Astara rayonunun Həzi Aslanov küçəsində doqquz mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumat gecə saatlarında daxil olduğundan agentliyin xüsusi mobil çevik əməliyyat qrupu səhər saatlarında həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri ərazidə qazıntı aparılan hissəyə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 15 ədəd partlamamış hərbi sursat, 10 ədəd 82 millimetrlik geritəpməsiz top mərmisi (BK-881), 2 ədəd 107 millimetrlik geritəpməsiz top mərmisi (BK-883), 2 ədəd 73 millimetrlik geritəpməsiz top mərmisi (BK) və 1 ədəd 82 millimetrlik top mərmisi (O-832) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 800 kvadratmetr əraziyə yerüstü və 30 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Yanvarın 1-dən aprelin 19-dək ANAMA tərəfindən 3463 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə və tank əleyhinə 3 mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 63 min 245 kvadratmetr ərazi yoxlanılıb.