REGİONLAR
Astaranın gənc boksçusu milli komandaya dəvət alıb
Astara, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Bakının Hövsan Olimpiya Kompleksində keçirilən gənc boksçular arasında respublika çempionatında astaralı boksçular da qüvvəsini sınayıblar.
Astara Boks Mərkəzinin baş məşqçisi Tofiq Salmanov AZƏRTAC-a bildirib ki, respublika çempionatında Astaranı 4 idmançı təmsil edib. Komandanın gənc üzvü Ağasif Eyniyev 60 kiloqram çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb və milli komandanın tərkibində məşqlərə dəvət alıb.
Yetirməsinin bu uğurunu yüksək qiymətləndirən T.Salmanov diqqətə çatdırıb ki, ölkə çempionatının təşkilində əsas məqsəd gənclərdən ibarət yığma komandanın tərkibini müəyyən etmək olub.
Respublika birinciliyində idmançılar 15 çəki dərəcəsində qüvvələrini sınayıblar. Yarışlarda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən 200-dək idmançı qələbə uğrunda mübarizə aparıb.
Ölkə çempionatında ilk üç yeri tutmuş boksçular milli komandanın tərkibinə dəvət alıblar.