“Johnson & Johnson” tərkibində asbest olan uşaq səpmə tozuna görə cərimələnib
Bakı, 4 iyun, AZƏRTAC
“Johnson & Johnson” kompaniyasının istehsal etdiyi uşaq səpmə tozu on minlərlə xərçəng hadisəsinə səbəb ola bilər. Şirkət artıq milyardlarla dollar təzminat ödəyib. Yeni məhkəmə prosesində ona daha bir cərimə kəsilib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Birləşmiş Ştatların əczaçılıq və istehlak malları şirkəti “Johnson & Johnson” (J&J) asbestlə çirkləndiyi iddia edilən talkla bağlı məhkəmə çəkişmələrindən sonra növbəti uğursuzluğa düçar olub. Bir gün əvvəl Portlenddə münsiflər heyəti iddiaçıya və onun ərinə 60 milyon dollar təzminat və kompaniyaya 200 milyon dollar cərimə təyin edib. Şirkət bu qərardan apellyasiya şikayəti verib.
Belə ki, 48 yaşlı iddiaçı Kyön Liyə keçən il mezotelioma diaqnozu qoyulmuşdu. Li ölümcül xərçəngin təxminən 30 illik asbestə məruz qalmanın nəticəsi olduğunu iddia edir. J&J-nin vəkili məhkəmə zamanı bildirib ki, iddiaçının xəstəliyinə evinin yaxınlığındakı fabrikdə istifadə edilən asbest tərkibli talkı udmaq səbəb olub. J&J şirkətinin məhkəmə işləri üzrə vitse-prezidenti Erik Haas hökmün uşaq pudrasının təhlükəsiz olduğunu, asbest ehtiva etmədiyini və xərçəngə səbəb olmadığını göstərən onilliklər boyu aparılan müstəqil elmi qiymətləndirmələrə uyğun olmadığını bildirib.
ABŞ-da 61 mindən çox iddiaçı şirkətə qarşı analoji iddialar irəli sürüb. Onların böyük əksəriyyəti yumurtalıq xərçəngi olan qadınlardır və yalnız kiçik bir azlıq mezoteliomalı pasiyentlərdir.
İddiaların ardından, “Johnson & Johnson” Texas qanunvericilindəki qəribəlikdən istifadə edib və iddiaları autsorsing etmək üçün LTL törəmə şirkəti yaradıb. Bu törəmə şirkət daha sonra iflas elan edilib.
Törəmə müəssisə maliyyə gücünü sübut edə bilmədiyi üçün şirkətin iflas proseduru vasitəsilə məsələləri həll etmək məqsədilə əvvəlki iki cəhdi məhkəmələr tərəfindən rədd edilib.
Talk işlərində məhkəmə çəkişmələri indiyədək müxtəlif dərəcədə uğur qazanıb. İddiaçıların ən əhəmiyyətli uğurları arasında yumurtalıq xərçəngi olan 22 qadına 2,1 milyard dollar məbləğində təzminat təyin edən 2021-ci ilin qərarı var.