Ədalət Hacıyev: Aktyor nəsillərinin yerdəyişməsi onu göstərir ki, teatr yaşayır
Bakı, 4 iyun, Tatyana İvanayeva, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilk dəfə “Melixovo baharı” teatr festivalında iştirak edib. Burada Azərbaycan, Əlcəzair, Belarus, Qazaxıstan, Rusiyadan 23 teatr kollektivinin 20-dən çox tamaşası təqdim olunub. Moskva vilayətinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə A.P.Çexovun “Melixovo” Muzey-Qoruğu tərəfindən hər il keçirilən festival, ənənəvi olaraq, yazıçının yeddi ildən çox yaşadığı və 40-dan çox ədəbi əsər yazdığı malikanədə keçirilir.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının XXIV Beynəlxalq “Melixovo baharı” teatr festivalında - həm də təkcə burada yox - uğurlu çıxışı barədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev AZƏRTAC-ın müxbirinə danışıb.
- Belə festivallarda iştirak teatra nə verir?
- Hər şeydən əvvəl, inam, xüsusilə aktyorlar üçün. Başqa tamaşaçı. Fərqli səhnə. Bu dəfə isə biz tamamilə yeni şəraitlə üzləşdik. Bir qayda olaraq, səfər tamaşaları klassik məkanlarda keçirilir. Melixovoda sənətçilərimiz açıq səhnəyə çıxdılar və təbii ki, bir çox mizans səhnələri onun formatına uyğunlaşdırıldı. Buna görə də tamaşanın özü əsas “bünövrəsini” qoruyub saxladığı üçün oyun bir qədər fərqli alındı. Maraqlı təcrübə idi. Onu da deməliyəm ki, tamaşaçılar bizim “Kapitan qızı”mızı səmimi və maraqla qarşıladılar.
Əvvəlcə düşündüm ki, bunun səbəbi Bakıdan olmağımızla əlaqədardır. Ancaq tamaşadan sonra müzakirə zamanı mütəxəssislərdən və aktyorlarımıza çox yaxşı sözlər söyləyən digər qonaqlardan əsl heyranlıq etirafları eşidəndə, uğurumuzun sırf tamaşamızla bağlı olduğu məlum oldu. Puqaçov, Qrinyov, Maşa, Şvabrin və əsərin digər qəhrəmanları - həmin axşam Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorlarının ifasında onları görənlərin hamısında xoş təəssürat oyadıb. Truppanın isə səmimi üz ifadələri və müsbət enerjiləri olan parlaq və gözəl insanlardan ibarət olduğunu qeyd etdilər. O qədər xoş arzular və səmimi sözlər eşitdik ki!
Puqaçov obrazı, Azərbaycanın Əməkdar artisti Firdovsi Atakişiyevin ifasında tamaşaçıların böyük marağına səbəb oldu. Əməkdar artistlər Natalya Baluyeva və Rita Əmirbəyovanın valehedici oyununu da qeyd etmək istəyirəm. Azərbaycanın Xalq artisti Aleksandra Nikuşinanın parlaq oyununu yüksək qiymətləndirən tamaşaçılar gözəl aktrisanı ayaqda alqışladılar.
- “Melixovo baharı” - bənzərsiz məkanı olan əlamətdar teatr festivallarından biridir...
- Ab-havanın özü də xüsusi idi. Bu, hər şeydən əvvəl tarixdir. Melixovo Qoruq-Muzeyi böyük rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexovun burada yaşadığı dövrün ruhunu qoruyub saxlayır. Bu tarixi məkanı əhatə edən gözəl təbiətlə vəhdətdə olmaq heyrətamiz idi. İnsan hətta orada başqa cür nəfəs almağa başlayır. Bir az yağış yağdı, sonra dərhal günəş parladı, bir anda səhnə sanki yeniləndi və bu mənzərə teatrın olduğu məkanla tam vəhdət içində idi.
Onu da deyim ki, qoruq-muzeyin ərazisinə nəzarəti həyata keçirən texniki xidmət binası içərisində müasir avadanlıqların yerləşdirildiyi taxta konstruksiyaya malikdir. Bir tərəfi XX əsrin əvvəllərinə, digəri isə XXI əsrə açılan gözəl qapı ilə ayrılan mühitdə sanki zaman səyahətinə çıxırsan. Orada hər şey uzun-uzadı səyahəti xatırladırdı...
- Bəs tamaşaya necə hazırlaşdınız?
- Bütün günü ayaq üstə keçirdik, amma heç bir yorğunluq hiss etmədik. Festivalda günümüz səhər saat 11-də, biz malikanəyə gələndə başladı və saat 19.00-da artıq tamaşamız var idi. Meydançada olan hər şeyə “köklənməli idik”.
Ancaq yaxın ərazidə gəzmək və ekskursiyalara getmək üçün vaxt ayırmaya bilməzdik. İşimizin çoxluğuna baxmayaraq, qətiyyən yorğunluq hiss etmirdik! Tamaşanı həm gur “bravo” sədaları altında oynadıq, həm də uzun müddət dağılışıb gedə bilmədik, aktyorları buraxmayan tamaşaçılar və peşəkar ekspert qrupu ilə ünsiyyət davam etdi.
Ertəsi gün festivalın icraçı direktoru Yelena Alekseyeva bir daha bizə tamaşaya olan heyranlığını bildirdi, teatrımızın daha əvvəl iştirak etmək üçün dəvət almadığına təəssüfləndiyini dedi. Yeri gəlmişkən, o, bizim festivalda gələn il də iştirak etməyimizi arzu etdiyini dilə gətirdi. Bizi o qədər gözəl qəbul etdilər və əlverişli şərait yaratdılar ki, Bakıya qayıtdıqdan sonra festival təşkilatçılarının ünvanına teatr adından təşəkkür məktubu göndərdik. Ümid edirəm ki, gələn il yenidən “Melixovo baharı”nın ecazkar ab-havasına qərq olacağıq.
- Sizin fikrinizcə, “Melixovo baharı”nda iştirak teatrın aktyorlarında “özünü necə büruzə verib”?
- Bu festivaldan əvvəl “Kapitan qızı”nı klassik formatda çıxış etdiyimiz Sankt-Peterburqdakı “Rusiyadakı görüşlər” rus teatrları festivalına aparmışdıq. Burada, bayaq artıq qeyd etdiyim kimi, həm səhnə, həm də tamaşaçılar üçün yerlər açıq məkanda yerləşir. Bu cür gözlənilməz şəraitdə qastrol qrupumuzun bütün üzvlərinin özlərini necə sübuta yetirmələri mənə əsl komanda olduğumuzu hiss etdirdi.
Qeyd etmək lazımdır ki, A. S. Puşkinin anadan olmasının 225 illiyinə həsr olunmuş xüsusi “Çexov +” proqramı çərçivəsində çıxış etdik, buna görə də yazıçının əsərləri əsasında digər tamaşalar da təqdim edildi. Hər teatrın özünəməxsus incəlikləri, maraqlı anları, diksiyası və səhnə təcəssümü vardı. Ancaq “Kapitan qızı” onlardan fərqlənirdi. Tamaşanın rejissoru İqor Konyayev, rəssamı Olga Gerr idi. Rejissor materialı orqanik şəkildə səhnə məkanına köçürdü, amma əsas odur ki, teatrımızın aktyorları tamaşaya aşiq olduqlarına görə, yenə də böyük məmnuniyyətlə çalışdılar.
Sankt-Peterburqda “Kapitan qızı” tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi, buna görə azərbaycanlı aktyorlar Melixovoya gələndə artıq daha böyük təcrübəyə malik idilər. Hər zaman alışdıqları səhnə şəraitinin gözlənilməzliyi onların oyununa heç cür təsir göstərmədi, özlərini, teatrı və ölkəmizi inamla təmsil etdilər.
Yeri gəlmişkən, gənc aktyorlar bu günlərdə Azərbaycan Yazıçılar İttifaqında A. S. Puşkinə həsr olunmuş kitabın təqdimatı çərçivəsində öz bacarıqlarını göstərə bildilər. Bu tədbirə dəvət aldıqdan sonra Cövhər Abdullayev (Qrinyov), Tamilla Abutalıbova (Maşa) və Rüfət Əliyevin (Şvabrin) iştirak etdiyi “Kapitan qızı”ndan kiçik parçanı oynamalarını təklif etdim. Çox kiçik bir yerdə, hətta tədbirə toplaşanlardan bir neçə addım aralıda, adi teatr şəraitində olduqları kimi həmin parçanı necə oynadıqlarına baxdım və onların həqiqətən də böyüdüklərinə əmin oldum. Öz rollarını ürəklə ifa edən gənc aktyorlar uzun və sürəkli alqışlara layiq görüldülər.
- Gənc aktyorlarla fəxr edirsinizmi?
- Əlbəttə! Onların püxtələşməsi mənim gözlərimin qarşısında baş verir. Bu gənclər, belə deyərdim ki, günbəgün yox, saatbasaat böyüyürlər. Düşünürəm ki, bu barədə danışanda bir neçə il əvvələ - Mədəniyyət və İncəsənət Universitetinə Fərəh Əliyevanın rəhbərlik etdiyi dövrə qayıtmaq yerinə düşər. Bizim indiki gənc aktyorların hamısı həmin ali məktəbdəndir, bu gün isə onlar Azərbaycanın Xalq artisti Aleksandr Şarovskinin rəhbərliyi altında “böyüklər üçün məktəb”in tələbələridir.
Artıq ənənəvi olaraq, neçənci ildir ki, Cənnət Səlimova məni buraxılış tamaşalarına baxmağa dəvət edir. Bu günlərdə o, mənə bir neçə tələbənin oyununa diqqət yetirməyi tövsiyə etdi. Əlbəttə, özümün də illər boyu qazandığım təcrübə tələbənin bizim “formata” uyğun gəlib-gəlmədiyini ayırd etməyə imkan verir, buna görə də əminliklə deyə bilərəm ki, truppamızdakı gənclər bu gün “trenddədirlər”, biz onların işindən razıyıq.
Həm də vacib olan odur ki, onları yaşlı aktyorlarımız da qəbul ediblər və bəyəniblər: mən hətta hər aktyorun oyununu bəyənməyən yaşca böyük sənətkarlarımızın gənclərimiz haqqında müsbət fikir söylədiklərini eşitmişəm.
- Aktyor truppası məmnundursa, deməli, teatrın direktoru özünü rahat hiss edə bilər.
- Birmənalı olaraq! Aktyor nəsillərinin yerdəyişməsi onu göstərir ki, teatr var. Teatr bundan sonra da var olacaq! Vaxtilə çox gənc yaşlarında bizə gələn aktyorlarımız artıq Azərbaycanın əməkdar artistləridir. Çox illər əvvəl olduğu kimi, onlar təcrübə qazanırlar və qazandıqları təcrübəni, hətta rolları növbəti aktyor nəslinə ötürürlər. Tarix təkrarlanır... Üç aktyor nəsli bir-birini dəstəkləyir. Əgər teatrda belə bir ənənə yaşanırsa, deməli, onun gələcəyi də var.