“Avro-2016”: “E” qrupundan üç komanda səkkizdəbir finala vəsiqə qazanıb
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 22-də futbol üzrə XV Avropa çempionatının “E” qrupunda mübarizəyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Avro-2016”nın on üçüncü günündə bu qrupda iki qarşılaşma keçirilib.
Lil şəhərindəki “Pyer-Morua” stadionunda İtaliya və İrlandiya milli komandaları qarşılaşıb. Qrupun digər oyununda isə Belçika və İsveç yığmaları Nitsa şəhərindəki “Allyanz Rivyera” stadionunda üz-üzə gəlib. Hər iki qarşılaşma 1:0 hesabı ilə yekunlaşıb.
İtaliya-İrlandiya qarşılaşmasında nominal qonaqlar 1:0 hesabı ilə qələbə qazanıblar. Yeganə qolu matçın 85-ci dəqiqəsində Bredi Salvatore Siriqunun qoruduğu qapıdan keçirib.
Qrupun digər qarşılaşmasında Belçika millisi İsveçin müqavimətini son dəqiqələrdə qırıb. Görüşün 84-cü dəqiqəsində Nainqolan fərqlənib.
Bununla da “E” qrupunda səkkizdəbir finala yüksələn komandalar məlum olub.
Üç oyundan sonra hesabında 6 xalı olan İtaliya millisi qrupu birinci sırada başa vurub. Aktivində 6 xal olan Belçika yığması qrupda ikinci yeri tutub. İrlandiya komandası 4 xal toplayıb və qrupu üçüncü pillədə başa vurub. Bu qələbə ilə İrlandiya millisi də adını səkkizdəbir finala yazdırıb və qardaş Türkiyə yığma komandasının növbəti mərhələyə gedən yolunu bağlayıb.
İsveç millisi isə 1 xalla qrup sonuncusu kimi Avropa çempionatında mübarizəni dayandırıb.